AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Naxçıvanda İlk Tunc dövrünə aid yaşayış məskənləri tədqiq edilib
Okt 30, 2019 | 10:36 / Konfranslar, iclaslar
Oxunub 8 dəfə

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbərlik etdiyi Xarabagilan arxeoloji ekspedisiyası Plovdağın (Naxçıvan MR, Ordubad rayonu) ətəklərində aparılan qazıntılar zamanı ərazidə aşkar edilmiş İlk, Orta və Son Tunc dövrlərinə aid məskənləri tədqiq edib.

Bəhlul İbrahimlinin bildirdiyinə görə, cari ildə aparılan arxeoloji qazıntıların əsas məqsədi Plovdağın cənub və şimal ətəklərini əhatə edən iki yaşayış yerinin xronologiyasını müəyyən etmək idi. Arxeoloji qazıntı işləri Plovdağın cənub ətəyində yerləşən I yaşayış yerində, dağın iki zirvəsi arasında və Plovdağın şimal ətəyində yerləşən II yaşayış yerində aparılıb. Qazıntıların ümumi sahəsi 320 kv. m. olub.  

Arxeoloqun sözlərinə görə, I yaşayış yerində 1986-cı ildə aşkar edilmiş və bir neçə otağı tədqiq edilmiş yaşayış evində qazıntılar davam etdirilib. I yaşayış yerində aparılmış tədqiqatlar nəticəsində abidənin iki mədəni təbəqədən ibarət olduğu, yaşayış yerinin Orta Tunc dövrünün əvvəllərində məskunlaşdığı və e.ə. II minilliyin sonlarına qədər davam etdiyi müəyyən edilib. Məlum olub ki, yaşayış yerində evlər ümumi hasar içərisində yerləşən və ayrı-ayrı girişləri olan otaqlardan ibarətdir. Yaşayış yerindən əldə edilmiş arxeoloji tapıntılar əsasən daş alət və keramikadır. Keramika içərisində Son Tunc dövrü üçün xarakterik olan boz rəngli mətbəx keramikası və çəhrayı gilli süfrə qabları çoxluq təşkil edir.

"Məbəd qalıqlarının şərq tərəfində aparılmış qazıntılar burada yaşayış evlərinin olmadığını, dağın ətəyinin birtərəfli, eni təqribən 50-70 sm divarlarla terras şəklində işləndiyini göstərdi. Ən böyük terrasın eni 4,2 metrdir. Divarların nə səbəbdən birtərəfli işləndiyini və terraslardan nə məqsədlə istifadə olunduğunu müəyyən etmək hələlik mümkün deyil" - deyə B.İbrahimli bildirib.

Tədqiqatçı əlavə edib ki, II sahədə qazıntılar üç fərdi yaşayış evində aparılıb. Bir saylı ev dairəvi planda olub divarları 70-80 sm hündürlüyündə salamat qalıb. Şərq tərəfi 50 sm enində, 70 sm hündürlüyündə daşla işlənib. Ehtimal edilir ki, bu gil qabların və ərzağın saxlanması üçündür. Otağın şimal tərəfində dairəvi planda (1,2 m) dəhlizi, ortasında dairəvi ocaq vardır. Bu ocaq quruluşuna görə İlk Tunc dövrünün mobil ocaqlarına oxşasa da, ocaq bir dəfəlik işlənmə üçün qurulub. Qazıntı zamanı ocağın içərisindən samanlı keramika fraqmenti və otağın döşəməsindən İlk tunc dövrü üçün xarakterik olan keramika nümunələri aşkar edilib.

Arxeoloq bildirib ki, aşkar edilmiş 2 və 3 saylı yaşayış evlərinin tədqiqi onların eyni dövrün (İlk Tunc) müxtəlif və fərqli tikinti qatlarına aid olması barədə fikir yürüdülməsinə əsas verir.  Belə ki, 2 saylı yaşayış evi, 3 saylı yaşayış evindən bir qədər sonrakı dövrə - başqa tikinti qatına aiddir. Bu fikri otağın içərisindən, üst qatdan Orta Tunc dövrünə aid boyalı qab fraqmentlərinin tapılması da təsdiq edir. Tikinti qatlarının vəziyyəti, otaqların quruluşu və arxeoloji tapıntılar göstərir ki, otaqlar arasında zaman fərqi az olub. Otaqların qazıntısı zamanı İlk Tunc dövrü üçün xarakterik olan keramika nümunələri və xüsusən mobil ocaq qurğularının hissələri aşkar edilib.

Plovdağ yaşayış yerlərində aparılmış arxeoloji qazıntılar nəticəsində müəyyən edilib ki, I yaşayış yeri e.ə. II minilliyin əvvəllərindən sonuna qədər olan dövrü, II yaşayış yeri isə e.ə. IV minilliyin ortalarından  III minilliyin sonlarına qədər olan bir dövrü əhatə edir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015