AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
İqtisadçı alim Xosrov Kərimovun xatirəsi anılıb
Okt 30, 2019 | 01:37 / Konfranslar, iclaslar
Oxunub 14 dəfə

AMEA İqtisadiyyat İnstitutunda iqtisad üzrə fəlsəfə doktoru, dosent Xosrov Kərimovun 70 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov mərhum alimi bacarıqlı elm və təhsil təşkilatçısı, görkəmli iqtisadçı və fədakar müəllim kimi xarakterizə edib. O, X.Kərimovun xatirəsinin onu tanıyanların qəlbində həmişə yaşayacağını bildirib.

Daha sonra AMEA-nın müxbir üzvü Şahbaz Muradov “Görkəmli iqtisadçı alim və pedaqoq”, i.e.d., dosent Seyfəddin Səməndərov “Azərbaycan iqtisadi fikir tarixinin mükəmməl bilicisi və peşəkar tədqiqatçısı”, i.ü.f.d. Fərhad Qarayev “Elm və təhsil fədaisi” mövzusunda məruzələrlə çıxış ediblər. 

Məruzələrdə bildirilib ki, X.Kərimov 1971-76-cı illərdə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb, akademik Bəhmən Axundovun elmi rəhbərliyi ilə keçid dövrünün iqtisadi problemlərinə dair dissertasiya işi yazıb. O, 1979-cu ildə elmi tədqiqat işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

Qeyd olunub ki, X.Kərimovun 1970-ci illərdən başlayan elmi yaradıcılığı AMEA-nın İqtisadiyyat İnstitutunda və Bakı Dövlət Universitetində davam edib. O, 200-ə yaxın elmi əsərin - monoqrafiya, məqalə, dərslik və dərs vəsaitlərinin müəllifi olub. İqtisadçı alimin elmi maraq dairəsində olan əsas iqtisadi problemlər - keçid dövrünün bölgü münasibətləri, Azərbaycan xalqının iqtisadi fikir tarixi məsələləri, iqtisad elminin təkamülü və inkişafı, müasir iqtisadi qloballaşma konsepsiyaları, onların mahiyyəti və təzahürləri, Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişafı və təkmilləşdirilməsi, müasir milli iqtisadi modellər və s. olub.

Diqqətə çatdırılıb ki, alim Azərbaycan iqtisadi fikrində bir çox aktual problemlərin ilk və yeganə tədqiqatçısı sayılır. XV-XVIII əsrlərdə Azərbaycan xalqının iqtisadi fikirlərini (İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, Azərbaycan xanlıqlar dövrünün iqtisadi fikirləri, M.Ə.Sabir dövrünün iqtisadi münasibətləri), Azərbaycan Xalq Cümhuriyyəti dövrünün (1918- 1920) iqtisadi fikirlərini tədqiq etmək onun elmi yaradıcılığının əsas istiqamətlərini təşkil edir. X.Kərimov ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platformasını araşdırıb, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadənin iqtisadi dünya görüşünə dair əsərlər dərc etdirib. Alimin bu tədqiqatları “Azərbaycan xalqının iqtisadi fikir tarixinin oçerkləri” adlı monoqrafiyada əksini tapıb.

Tədbirdə Beynəlxalq Müstəqil İqtisadi Model Assosiasiyasının vitse-prezidenti Selim Hotil, “Yeni mesaj” qəzetinin yazarı Gökhan Demir, AMEA-nın müxbir üzvü İslam Mustafayev, professor Dünyamalı Vəliyev və digərləri çıxış edərək X.Kərimovun yüksək insani keyfiyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015