AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-da “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçirilib
Okt 30, 2019 | 09:49 / Konfranslar, iclaslar
Oxunub 34 dəfə
Oktyabrın 30-da AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” adlı elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq dövlət başçısının müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu xatırladıb, dahi şairin 650 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu söyləyib. Nəsiminin Azərbaycanın ictimai fikir tarixində simvolik bir şəxsiyyət olduğunu deyən N.Axundova onun Azərbaycan ədəbi dilinin formalaşmasında böyük rol oynadığını bildirib.

Konfransda “Nəsimi irsinin günümüzdə dəyəri və əhəmiyyəti haqqında” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 2019-cu ilin ölkə rəhbəri tərəfindən “Nəsimi ili” elan edilməsinin əlamətdar və təqdirəlayiq hadisə olaraq xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, bu Sərəncamın ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürü olduğunu söyləyib.

Nəsimini böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış bir şair kimi dəyərləndirən G.Baxşəliyeva onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətlərinin, bütövlükdə poetikasının şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyduğunu deyib: “Nəsimi yaradıcılığı istibdada, sosial ədalətsizliyə, qəddarlığa, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək fanatizm və mövhumata qarşı yönəlmişdi. Nəsimi yaradıcılığının əsas ideyası – azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir”.

Akademik G.Baxşəliyeva bildirib ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərir. Məruzəçi Nəsimi irsinin günümüz üçün dəyəri və əhəmiyyətini onun yaradıcılığının sosial-fəlsəfi və ümumbəşəri mahiyyəti, şairin dil tariximizdə müstəsna rolu və xidmətləri ilə bağlayıb.

Daha sonra AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Nəsimi və davamçılarının əlyazmaları dünya kitabxanalarında” mövzusunda məruzəsi dinlənilib. Nəsimi əlyazmalarının müasir tədqiqat və nəşrlərindən söz açan alim şairin anadilli divanının, onun əlyazma nüsxələrinin tədqiqi sahəsində professor Cahangir Qəhrəmanovun xidmətlərini xüsusi qeyd edib.  O, alimin 1973-cü ildə nəşr etdirdiyi üçcildlik “Nəsimi. Əsərlər” adlı kitabında Nəsiminin anadilli divanının elmi-tənqidi mətnini tərtib edərkən istifadə etdiyi əlyazmalardan danışıb.

Paşa Kərimov son illər özünün Ankara Milli Kitabxanasından əldə etdiyi əlyazmalardan, Nəsiminin ardıcıllarının əsərlərinin dünyanın müxtəlif kitabxanalarında saxlanan əlyazma nüsxələrindən də söz açıb.

Tədbirdə Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin nəsr yaradıcılığı”, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Ataəmi Mirzəyev “Nəsiminin yaradıcılığında rədif və qafiyə sistemi”, həmin institutun şöbə müdiri, professor İmamverdi Həmidov “Nəsimi ərəb ədəbiyyatşünaslığında (Ə.Qələçinin tədqiqatları əsasında)”, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli “Seyid İmadəddin Nəsimi şeirində Quran hikmətləri” və digər mövzularda məruzələrlə çıxış ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015