AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyası ölkə ərazisindəki abidələrdə tədqiqatlar aparacaq
Okt 25, 2019 | 02:39 / Mühüm hadisələr
Oxunub 52 dəfə

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova İtaliyanın Neapol Şərq Universitetinin Asiya, Afrika və Aralıq dənizi hövzəsi departamentinin İran arxeologiyası və incəsənət tarixi bölümünün rəhbəri, professor Bruno Cenito və İtaliya Yaxın və Uzaq Şərq Tədqiqatları İnstitutunun əməkdaşı, Dr. Manuel Kastelluççia ilə görüşüb.

Görüşdə 2017-ci il iyunun 9-da AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol Şərq Unversiteti arasında beş il müddətinə imzalanmış birgə tədqiqat və təhsil əməkdaşlığı anlaşma memorandumunda nəzərdə tutulmuş müddəalara dair fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycan arxeoloqlarının italiyalı həmkarları ilə birgə ölkə ərazisindəki arxeoloji abidələrdə tədqiqat aparmaları üçün beynəlxalq arxeoloji ekspedisiyanın təşkil edilməsi qərara alınıb. Bildirilib ki, tədqiqatların aparılması üçün nəzərdə tutulmuş abidələr xronoloji baxımdan son tunc – erkən dəmir dövründən son antik dövrədək olacaqdır.

Qeyd edək ki, hazırda italiyalı arxeoloqlar AMEA Arxeologiya və  Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Səfər Aşurovun və institutun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Mikayıl Mustafayevin müşayəti ilə gələcəkdə fəaliyyəti planlaşdırılmış Azərbaycan-İtaliya beynəlxalq ekspedisiyasının tədqiqat aparacağı abidələrə baxış keçirirlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015