AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Görkəmli arxeoloq alimin 85 illik yubileyi qeyd olunub
Okt 25, 2019 | 10:20 / Konfranslar, iclaslar
Oxunub 40 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycanın tanınmış alimi, tarix üzrə elmlər doktoru, professor Qüdrət İsmayılzadənin 85 illik yubileyinə həsr edilmiş yığıncaq keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, yığıncaqda bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova qocaman arxeoloq Qüdrət İsmayılzadənin həyat yolu, elmi tədqiqatları, Azərbaycan arxeologiya elminə verdiyi töhfələrdən danışıb. O, görkəmli alimə uzun ömür və elmi yaradıcılıq sahəsində yeni uğurlar arzulayıb.

Sonra institutun şöbə müdirləri, tarix üzrə elmlər doktorları Əsədulla Cəfərov və Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli və başqaları görkəmli alimin ali təhsil ocaqlarında pedaqoji fəaliyyətindən, uzun müddət Bakı Dövlət Universitetinin Tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasına rəhbərlik etməsindən, arxeologiya üzrə gənc kadrların yetişdirilməsindəki xidmətindən, Qarabağda, xüsusilə də Qaraköpəktəpə abidəsinin tədqiqində elmə verdiyi töhfələrdən, nəşr olunmuş əsərlərinin Cənubi Qafqazın ilk tunc dövrü və Kür-Araz mədəniyyəti üzrə ixtisaslaşan əcnəbi arxeoloqların əvəzsiz dərs vəsaiti olmuş alimin yüksək insani keyfiyyətlərindən söz açıblar.

Daha sonra professor M.Rəhimova görkəmli alimə Azərbaycan arxeologiya elminin inkişafında xidmətlərinə görə və 85 illik yubileyi ilə əlaqədar Arxeologiya və Etnoqrafiya İnstitutunun fəxri fərmanını təqdim edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015