AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Muzeydə “Qəhrəmanlar ölmür” adlı tədbir keçirilib
Okt 14, 2019 | 09:32 / Konfranslar, iclaslar
Oxunub 38 dəfə

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Qarabağ müharibəsi şəhidlərini tanıyaq” layihəsi çərçivəsində “Qəhrəmanlar ölmür” adlı tədbir keçirilib. Tədbir muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi, Azərbaycan Veteran Tankçılar Birliyi və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 140 nömrəli tam orta məktəbi tərəfindən təşkil edilib. Tədbirdə Qarabağ müharibəsi veteranları, məktəblilər, muzey işçiləri, gənc alimlər iştirak edib. Tədbirin məqsədi Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması, onlar haqqında olan məlumatların ictimaiyyətə, eləcə də məktəblilərə çatdırılmasıdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan muzeyin elmi-fond işləri üzrə direktor müavini, dosent Məhfuzə Zeynalova iştirakçıları salamladı. Bu kimi tədbirlərin gənc nəslin vətənpərvər ruhda yetişməsi üçün əhəmiyyətli olduğunu bildirdi. Muzeydə mütəmadi olaraq bu mövzuda tədbirlərin keçirildiyini vurğuladı. Sonra muzeyin aparıcı elmi işçisi, dosent Bəhman Kərimov çıxış etdi. Muzey əməkdaşlarının davamlı olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçiləri təbliğ etdiyini, bu sahədə tədbirlər keçirdiyini qeyd etdi. Daha sonra “Azərbaycan Ordusu” qəzetinin müxbiri, hərbi jurnalist Lalə Hüseynova və Azərbaycan Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimov çıxış etdilər. Qarabağ müharibəsi zamanı Birinci Tank Taborunun və Milli Qəhrəman Albert Aqarunovun (1969-1992) keçdiyi döyüş yolundan danışdılar. Sonda “I Səbail Tank Taboru” adlı film göstərildi və 140 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən bədii hissə nümayiş etdirildi.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015