AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Muzeydə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib
Okt 16, 2019 | 09:23 / Konfranslar, iclaslar
Oxunub 50 dəfə

AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı ilə birgə muzeydə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Səbail Rayon İcra Hakimiyyətinin məsul işçiləri – Qabil Vahidov, Kəmalə Həşimova, muzey əməkdaşları, gənc alimlər, KİV və ictimaiyyət nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, müxtəlif təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Azərbaycanın dövlət müstəqilliyinə həsr olunmuş film nümayiş etdirildi.
Daha sonra muzeyin direktoru, akademik Nailə Vəlixanlı giriş sözü ilə tədbiri açdı. İştirakçıları salamlayıb, 18 oktyabr - Dövlət Müstəqillik Gününün tariximizin ən şərəfli səhifələrindən biri olduğunu söylədi. Müstəqilliyin əldə edilməsinin böyük tarixi qələbə olduğunu və bunun asan qazanılmadığını qeyd etdi. Müasir Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu, 1993-cü ildən sonra Ümummilli lider Heydər Əliyevin sayəsində ikinci müstəqilliyimizi qazandığımızı bildirdi. Bu müstəqilliyin cənab Prezident İlham Əliyev tərəfindən qorunduğunu, bunun əbədi olacağını göstərdi. Muzeyimizin inkişafında və tərəqqisində cənab Prezidentin qayğısından danışdı.
Sonra YAP Səbail rayon təşkilatının sədri, deputat və professor Şəmsəddin Hacıyev çıxış edib, sovet hakimiyyətinin ağır illərində məhz Ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın iqtisadi, mədəni, siyasi baxımından inkişaf etdiyini qeyd etdi. 1993-cü ilin vətəndaş müharibəsi zamanı Azərbaycanı böhrandan azad etdiyini və müstəqilliyin bərpasında onun misilsiz rolundan danışdı. O, bu siyasətin günümüzdə dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Sonra Səbail Rayon İcra Hakimiyyətinin məsul işçisi Kəmalə Həşimova çıxış edib, Azərbaycanın iqtisadi-siyasi, elmi-mədəni inkişafı yolunda Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz xidmətlərindən danışdı. Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Müasir Azərbaycanın multikulturalizm modeli” mövzusunda çıxış edib, Heydər Əliyevin Azərbaycanda etnik parçalanmanın qarşısını aldığını, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən multikulturalizmin dövlət siyasətinə çevrildiyini bildirdi. Muzeyin aparıcı elmi işçisi, dosent Bəhman Kərimov da “Müstəqillik illərində Azərbaycanda mədəni quruculuq” mövzusunda məruzə ilə çıxış edib, Heydər Əliyevin həm sovet hakimiyyəti illərində, həm də müstəqillik dövründə mədəni quruculuq fəaliyyətindən, elm və təhsilin inkişafında xidmətlərindən danışdı. Muzeydə dövlətin qayğısı nəticəsində bərpa işlərinin aparıldığını, muzeyin 100 illiyinə hazırlıq işlərinin görüldüyünü, həmçinin Azərbaycan tarixinin müxtəlif dövrlərini geniş işıqlandıran tədbirlərin mütəmadi keçirildiyini qeyd etdi.
Sonda bədii hissə nümayiş etdirildi.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015