AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycanşünaslığa sanballı elmi töhfələr müəllifi - İsa Həbibbəyli
Okt 01, 2019 | 11:28 / Yeni nəşrlər
Oxunub 84 dəfə

Doğma Azərbaycanımızın ən qədim mədəniyyət mərkəzlərindən biri də Naxçıvan diyarıdır. Naxçıvan torpağı böyük şəxsiyyətlər yetirmişdir.

Belə şəxsiyyətlərdən biri Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Əkbər oğlu Həbibbəylidir. Bu, görkəmli ictimai xadim əlli illik fəaliyyətinin, elmi yaradıcılığının 40 ildən çoxunu Naxçıvan diyarına həsr etmiş, diyarın elm və təhsilinin, ədəbiyyat və mədəniyyətinin inkişafına var qüvvəsi ilə xidmət göstərmişdir.

Akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Şərur torpağında (16 oktyabr 1949) dünyaya gəlmişdir. Bəy nəslindən olan atası Əkbər müəllimin nəcib, halal və zəhmətkeş keyfiyyətləri onun övladlarına da genetik olaraq keçmişdir. İsa müəllim o zaman APİ adlanan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Naxçıvan filialını 1971-ci ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Hələ tələbə ikən böyük istedad sahibi olması  müəllimlərinin diqqətini cəlb etmiş, onu bitirdiyi universitetdə işə dəvət etmişlər. Hərbi xidməti başa vurduqdan sonra 1975-ci ildə İsa Həbibbəyli tələbəsi olduğu universitetdə ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. O, 40 ilə yaxın üzvü olduğu bu təhsil ocağının 17 il də bütün kollektiv tərəfindən sevilən rektoru olmuşdur. Böyük təşkilatçılıq qabiliyyəti, elmi nailiyyətləri ilə diqqəti cəlb edən bu işıqlı insan 2013-cü ildə Bakı şəhərinə işə dəvət edilmiş, AMEA-nın vitse-prezidenti seçilmişdir. Eyni zamanda, bu gün akademiyanın Ədəbiyyat İnstitutunun direktoru olan akademik İsa Həbibbəyli bu institutun yenidən qurulmasına, keçmiş sanbalının, şöhrətinin özünə qayıtmasına, onun ədəbiyyatşünaslıq elminin bayraqdarına çevrilməsinə nail olmuşdur. Azərbaycançılıq ideologiyasını məslək işinə çevirən institut kollektivi ədəbi prosesi türk dünyası kontekstində tədqiq edir, beynəlxalq əlaqələri yorulmadan genişləndirir. Cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycan ədəbiyyatşünaslığında, türk dünyası miqyasında akademikin elmi məktəbi tam şəkildə formalaşmış, böyük uğur qazanmışdır.

Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer tutur. Mətləbə keçmədən öncə qeyd edək ki, yuxarıda göstərildiyi kimi, o, ədəbiyyat tarixi, ədəbi tənqid və ümumiyyətlə, filologiya və mədəniyyətşünaslıq üzrə bütün türk dünyasında böyük xidmətləri olan elm xadimi kimi tanınır və qəbul edilir. Belə ki, onun "Cəlil Məmmədquluzadə və müasirləri" (2008), "Akademik Səməd Vurğun Vəkilov" (2015), "Romantik lirikanın imkanları" (1990), "XX əsr Azərbaycan yazıçıları" (1992), "Ədəbi-tarixi yaddaş və müasirlik" (2007), "Ədəbi şəxsiyyət və zaman"(2017), "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" (2019), "Azərbaycançılıq konsepsiyası" (2019), "Azərbaycan ədəbiyyatı tarixi" 10 cildliyinin birinci cildinə (2019) yazdığı 225 səhifəlik giriş kimi əsərləri bu baxımdan diqqəti cəlb edir.

Bütün bunlarla yanaşı, bütün varlığı ilə bağlı olduğu doğma torpaq - Naxçıvanın insanı, onun bu günü və keçmişi, ədəbi-mədəni mühiti mütəfəkkir alimin yaradıcılığında qırmızı xətt kimi keçir. Akademik İsa Həbibbəyli doğulduğu diyara bütün səmimiyyəti ilə bağlı olan, onun inkişafına, uğurlarına sevinən, bu yolda bütün enerjisini əsirgəməyən və böyük Azərbaycan sevgisi ilə yaşayan vətəndaş alimdir. İsa müəllim 40 ildən artıq bir müddətdə bu qədim diyarın ədəbi mühitini hərtərəfli şəkildə araşdırmış, bölgənin ədəbi-elmi və mədəni inkişafını mühüm ədəbi qaynaqlar və arxiv materialları əsasında tədqiq etmişdir. Elə akademikin 2015-ci ildə "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş, qədim mədəniyyət mərkəzi Naxçıvana həsr edilmiş 850 səhifəlik "Nuhçıxandan-Naxçıvana" monoqrafiyası dediklərimizi tam şəkildə təsdiq edə bilər (3). Bu kitabda alimin qədim diyar, onun ədəbi-elmi və mədəni mühiti haqqında yazıb nəşr etdirdiyi qiymətli əsərlərin ancaq bir qismi öz əksini tapmışdır. İsa Həbibbəylinin bu kitabda Naxçıvan ədəbi mühiti, onun nümayəndələri haqqında verdiyi geniş bir bölmə sanballı bir monoqrafiya təsiri bağışlayır. Alim bu tədqiqatında Naxçıvan ədəbi mühitinin yaranma tarixini, inkişaf mərhələlərini ilk dəfə ümumiləşdirməyə təşəbbüs göstərmiş və məqsədinə nail olmuşdur. O, bölgənin ədəbi mühitini obrazlı şəkildə "Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi" adlandırır. Müəllif Naxçıvan ədəbi mühitini iki istiqmətdə: klassik dövrün Naxçıvan ədəbi mühiti və müasir dövrün Naxçıvan ədəbi mühiti bölgüsü əsasında araşdırır.

Məlumdur ki, Naxçıvanda hələ XI-XII əsrlərdə ədəbiyyatın yaranması, Naxçıvanşahlar, Atabəylər sarayında Qətran Təbrizi və digər şairlərin fəaliyyəti tarixi mənbələrdə öz əksini tapmışdır. Sonrakı əsrlərdə Hinduşah Naxçıvani, Fəzlullah Nəimi, Nemətullah Naxçıvani, Bayrək Quşçuoğlu, Mirzə Sadiq Ordubadi, Hatəm bəy Ordubadi və başqa ədəbi şəxsiyyətlər yazıb-yaratmışdır ki, müəllif  Naxçıvanın ədəbi-mədəni və tarixi məsələlərinə həsr olunmuş bu kitabın irihəcmli bir bölməsində onlar haqqında ətraflı məlumat verir. Bildiyimiz kimi, XIX əsrdə dünya xalqlarının tarixində, mədəni inkişafında bir canlanma meydana gəlmişdi. Bu canlanma Azərbaycan ədəbiyyatından, onun Naxçıvan məktəbindən də yan keçməmişdir. Belə ki, cəmiyyətdə özünü göstərən yeniləşmə klassik ədəbi ənənələrə də təsir göstərmiş, akademikin göstərdiyi kimi, realist ədəbiyyat ədəbi prosesin aparıcı istiqamətinə çevrilmişdir. XIX əsr Naxçıvan ədəbi mühitini təhlil edən müəllif Heyran xanımın, onun davamçısı olan  Qönçəbəyimin yaradıcılığı haqqında, eyni zamanda, Ordubadda yaranmış "Əncüməni-şüəra" ədəbi məclisi və onun üzvlərindən Qüdsi Vənəndi, Məmmədqulu Salik Ordubadi, Mirzə Hüseyn Bikəs, Zeynəlabdin Nəqqaş, Məşədi Həsən Dəbbağ, Fəqir Ordubadidən geniş şəkildə bəhs etmişdir. Onu da qeyd edək ki, həmin məclisin Hacı ağa Fəqir Ordubadidən sonra rəhbəri olmuş görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin yaradıcılığı müəllifin diqqətini daha çox cəlb etmişdir. O, milli məktəbin banilərindən olan bu böyük pedaqoqun elmi-pedaqoji irsi haqqında geniş tədqiqat aparmış,"Maarifçilik hərəkatının və maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi" adlı geniş həcmli bir məqalə yazmışdır (3, s.266-284). Bununla yanaşı, İsa Həbibbəyli görkəmli maarif fədaisinin ədəbi irsi tam şəkildə xalqa çatdırılmadığına görə  arxivlərdə çalışmış, bu böyük pedaqoqun əvvəl maarifçi əsərlərini toplayıb "Məktəb hekayətləri" (1996) adı ilə, daha sonra isə bütün əsərlərini (2004) ilk dəfə nəşr edib geniş ictimaiyyətin istifadəsinə təqdim etmişdir (16). Məlumdur ki, M.T.Sidqi  maarif dünyası ilə, hətta o dövr üçün böyük mədəni hadisə olan Qori müəllimlər seminariyası ilə də sıx əlaqələrə malik olmuşdur. Qori müəllimlər seminariyası bir təhsil, maarif ocağı kimi Azərbaycanda, o cümlədən, Naxçıvanda maarifçi ədəbiyyat və mədəniyyətin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. Diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, İsa Həbibbəyli arxiv araşdırmaları nəticəsində o dövrdə bu seminariyanın iki müəlliminin: Azərbaycan maarifçi-realist ədəbiyyatının tanınmış nümayəndəsi Rəşid bəy Əfəndiyevin (1863-1942) görkəmli pedaqoq Məhəmməd Tağı Sidqiyə iki məktubunu (6, s.124-127)  və ilk ədəbiyyat tariximizin müəllifi F.Köçərlinin (1863-1920) 1913-1914-cü illərdə Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqiyə (1888-1936) yazdığı iki məktubunu (3, s.346-349) aşkara çıxararaq mətbuatda nəşr etdirmişdir. Həmin məktublar Naxçıvan maarifçi ədəbi nühitinin tarixini araşdırmaq baxımından çox əhəmiyyətlidir.

Böyük satira ustası Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində yetişmiş Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biridir. İsa Həbibbəylinin istər "XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası" adlı fəlsəfə doktoru dissertasiyasında, istərsə "C.Məmmədquluzadə: mühiti və müasirləri" adlı doktorluq dissertasiyasında bu görkəmli satira ustası, "Molla Nəsrəddin"in yaradıcısı, demokrat yazıçının ədəbi portreti mühüm yer tutur. Təsadüfi deyildir ki, İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi bu böyük maarifçi tənqidi realizm nümayəndəsinin irsinin tədqiqinə və nəşrinə həsr olunmuşdur. Bu mövzuda hörmətli akademikin "Cəlil Məmmədquluzadə" (1987), "Zamanın dühası" (1993), "Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə" (1994), "C.Məmmədquluzadə: mühiti və müasirləri" (1997) adlı bir-birindən qiymətli monoqrafiyaları ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. Alimin bu tədqiqatları ona bir nömrəli Mirzə Cəlilşünas titulu qazandırmışdır. Bu araşdırmalar "Azərbaycanda XIX əsrin sonları və XX əsrin əvvəlləri ədəbi prosesinə ümumiləşdirilmiş yeni bir baxışı" (14, s.163) ifadə edirdi. İsa müəllim xüsusilə sonuncu sanballı əsərində Bakı, Tiflis, Təbriz, Kiyev, Ərzurum, Odessa, İrəvan, Naxçıvan, Qori, Yasnaya Polyananın arxiv, muzey və kitabxanalarından əldə etdiyi yeni material və sənədlərə istinad edərək böyük demokrat C.Məmmədquluzadənin keşməkeşli həyat yolu, zəngin bədii irsi, çoxsaylı müasirləri ilə əlaqələri haqqında tam təsəvvür yaratmağa nail olmuşdur. Müəllifin araşdırmaları göstərir ki, Qori müəllimlər Seminariyası Mirzə Cəlilin yetişməsində xüsusi rol oynamışdır. Mirzə Cəlil dövrünü Azərbaycan maarifçiliyinin xüsusi inkişaf mərhələsi kimi səciyyələndirən İsa Həbibbəyli dövrün məktəblərinin ədəbiyyatın inkişafındakı rolunu araşdıraraq belə bir düzgün nəticə çıxarır: "Məktəb milli maarifçiliyin canını, cövhərini, müəllimlik əsas qüvvəsini təşkil edirdi. Teatr, mətbuat və ədəbiyyat isə məktəbdən, pedaqoji işdən doğan, onu tamamlayan maarifçi fəaliyyət sahələri  idi" (3, s.242). İsa Həbibbəyli araşdırmalarında bu kontekstdə Cəlil Məmmədquluzadənin fəal müasirləri olan, Naxçıvan maarifçi ədəbi-mədəni mühitin öndə gedən nümayəndələrindən Eynəli bəy Sultanov (1866-1935), Məhəmməd Tağı Sidqi (1854-1903), Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Əliməmməd Xəlilov (1862-1896), Mirzə Əbülqasım Sultanov (1866-1916), Mirzə Ələkbər Süleymanov (1862-1921), Paşa ağa Sultanov (1949-1902), Mirzə Cəlil Şürbi (1874-1915), Sadıq Xəlilov (1864-1905), Tağı bəy Səfiyev (1878-1939), Məmmədqulu bəy Kəngərli (1854-1905) və başqaları haqqında yeni tədqiqatlarını elmi ictimaiyyətə təqdim etmişdir.

Onu da qeyd edək ki, İsa Həbibbəyli çoxillik axtarışlar nəticəsində böyük satira ustasının dördpərdəli "Ər" pyesini, kiçikhəcmli "Lənət" və "Oyunbazlar" kimi səhnə əsərlərini üzə çıxarmış, 16 satirik şeirini, 35 məqaləsini, 170 felyetonunu ilk dəfə görkəmli yazıçının 2004-cü ildə nəşr edilmiş 4 cildlik külliyyatına daxil edərək oxucuların istifadəsinə təqdim etmişdir. Çoxcildlikdə bunlardan əlavə, böyük demokrat yazıçının özünün və ailə üzvlərinin 50, eyni zamanda, başqa tanınmış şəxsiyyətlərin elmi ictimaiyyətimizə bəlli olmayan 44 məktubu ilk dəfə nəşr edilmişdir.

İsa Həbibbəyli böyük mütəfəkkirin bir neçə tanınmış, ancaq az öyrənilmiş naxçıvanlı müasirinin həyatı və irsini daha geniş tədqiq etmiş, onların əsərlərini ilk dəfə toplayıb kitab halında nəşr etdirmişdir. Bu şəxsiyyətlərdən biri Naxçıvan ədəbi-mədəni mühitinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlıdır. Məlumdur ki, Avropa və Rusiyada böyük şöhrət qazanmış M.Şahtaxtlı Azərbaycanın ən böyük maarif xadimlərindən biri olmuşdur. Bu görkəmli maarifçi ədibin ədəbi-elmi irsi sovet dövründə birtərəfli, həm də səthi şəkildə öyrənilmiş, əsərləri isə demək olar ki, nəşr edilməmişdi. Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin M.Şahtaxtlının 160 illiyi ilə əlaqədar imzaladığı sərəncamdan sonra akademik İsa Həbibbəyli ilk dəfə Məhəmməd ağa Şahtaxtlının çoxsaylı əsərlərinin mühüm bir qismini "Seçilmiş əsərləri" (2006) adı altında 2006-cı ildə ilk dəfə nəşr etdirmişdir. Bu kitabda XX əsrin ilk ana dilli mətbuat orqanının naşiri olan  qüdrətli maarifçinin çoxcəhətli fəaliyyəti ilk dəfə sənədlər və arxiv materialları əsasında geniş ictimaiyyətə təqdim olunmuşdur (17). Həmin kitaba "Millətin canlı heykəli" adlı sanballı bir giriş məqaləsi yazan akademik naşirin əlibfa layihələrinin mətnlərini, "Qafqaz", "Novoe obozrenie" kimi Rusiya qəzetlərində rusca çap olunmuş günümüz üçün də aktuallığını itirməyən maarifçilik mövzusunda yazdığı "Müsəlmanlarda məktəb həyatı", "İstanbuldan məktublar" adlı sislsilə məqalələrini, "Şərqi-Rus" qəzetində işıq üzü görən "Hər gün bir az" adlı silsilə məqalələrini daxil etmişdir.

İsa Həbibbəyli Naxçıvan ədəbi mühitində fəaliyyətə başlamış görkəmli tarixi roman ustası Məmməd Səid Ordubadi haqqında yazdığı "Böyük ədəbiyyat nəhəngi" (2012) monoqrafiyasında böyük romançının yaradıcılığına müstəqillik işığında yeni baxış sərgiləmişdir (9).Eyni zamanda, M.S.Ordubadinin Naxçıvanın maarifçi ədəbi mühiti haqqında yeni məlumat və faktlar ehtiva edən "Həyatım və mühitim" (2012) adlı memuarının tam mətni ilk dəfə Naxçıvanda İsa Həbibbəylinin geniş müqəddiməsi ilə nəşr olunması da  ədəbiyyatşünaslığımıza bir xidmət nümunəsi sayıla bilər (12).Təqdirəlayiq haldır ki, bu kitaba həm də Ordubadinin "İki cocuğun Avropaya səyahəti" povesti də daxil edilmişdir. Onu da qeyd edək ki, həmin povest 1908-ci ildə "Tazə həyat" qəzetində işıq üzü görmüş, ondan sonra sanki unudulmuş, təkrar nəşr edilməmişdir. Halbuki Azərbaycan ədəbiyyatında Qərb-Şərq ədəbi əlaqələrini öyrənmək baxımından bu povest böyük əhəmiyyət daşıyır.

Naxçıvan maarifçi ədəbi mühitinin görkəmli nümayəndələrindən biri də publisist yazıçı Eynəli bəy Sultanov (1866-1935) olmuşdur. Sovet dövründə yaradıcılığı, tərcümeyi-halı demək olar ki, öyrənilməmiş bu sənətkarın yenidən müstəqillik dövrünün verdiyi imkanlar səviyyəsində öyrənilməsində İsa Həbibbəylinin böyük xidməti vardır. Zəhmətkeş alimin uzun illər ərzində apardığı tədqiqatlar nəticəsində aydın olmuşdur ki, "İrəvan gimnaziyasında təhsil alarkən  Eynəli bəy Sultanov rus, fransız, yunan, latın dillərini yaxşı öyrənmiş və tərcümələr etmişdir. Eynəli bəy Sultanovun anadan olma tarixini, Tiflisdə yox, İrəvan progimnaziyasında təhsil almasını, İrəvan Dairə məhkəməsində məsul vəzifə daşımsını da İsa Həbibbəyli müəyyən etmişdir. Cəlil Məmmədquluzadənin Eynəli bəy Sultanova xüsusi münasibət bəsləməsinin səbəbləri də onun tədqiqatlarında aydınlaşdırılmışdır. Eynəli bəy Sultanovun maarifçi-realist ağırlıqlı tənqidi-realist yazıçı olması haqqındakı nəzəri qənaətləri də İsa Həbibbəyli irəli sürmüşdür" (1, s.24). Eynəli bəy Sultanovun publisistik əsələrinin həm rus, həm də Aərbaycan dilində kitab halında nəşr olunması da akademik İsa Həbibbəylinin fədakar əməyinin nəticəsidir (18).

Naxçıvan ədəbi mühiti haqqında geniş araşdırmalar aparmış İsa Həbibbəyli XX əsrin 20-30-cu ilərində burada ədəbiyyat cəbhəsində böyük canlanma olduğunu göstərərək ədəbi prosesdə C.Məmmədquluzadə, H.Cavid, Ə.Qəmküsar sənətinin davamçıları olan Məhəmməd Rəsizadənin, Əli Məhbusun, Hüseyn Nadim Naxçıvaninin, Əyyub Abbasovun, Əvəz Sadığın bədii yaradıcılığında özünü göstərən ədəbi meylləri ümumiləşdirmişdir. Müəllif İkinci dünya müharibəsindən sonra, 50-60-cı illərdə Naxçıvanda yetişmiş İslam Səfərli, Müzəffər Nəsirli, Hüseyn Əzim, Hüseyn Razi, Kəmalə Ağayeva, Nağı Nağıyev, Məmmədəli Tarverdiyev kimi qələm sahiblərinin əsərlərində gözə çarpan ümumi meylləri təhlil etmiş, müharibədən sonrakı dövrdə Naxçıvan ədəbi mühitində ədəbiyyatın bütün janrları üzrə canlanma və inkişaf baş verdiyini, bədii yaradıcılıqda ideologiyadan, ictimai motivlərdən insana, mənəvi aləmin dərkinə doğru əhəmiyyətli addımlar atıldığını xüsusilə vurğulamışdır (3, s.444). İsa Həbibbəyli daha sonra XX əsrin 70-80-ci illərinin və müstəqillik dövrünün Naxçıvan ədəbi mühitində müşahidə etdiyi ədəbi inkişaf məsələləri üzərində geniş şəkildə dayanmışdır. Bu dövrdə nəsrə meyllilik müşahidə edən alim yerli ədəbi qüvvələrin önündə Xalq yazıçısı Hüseyn İbrahimovun durduğunu qeyd edərək bu görkəmli nasirin bədii yaradıcılığını geniş şəkildə təhlil etmiş və onu nəcibliyin keşiyində dayanan söz ustası, şəxsiyyəti və sənəti vəhdətdə olan sənətkar adlandırmışdır. O yazır: "Nəciblik fəlsəfəsini şərtləndirən daxili saflıq, müdriklik, əxlaqi kamillik və bütövlük kimi mənəvi dəyərlərə çağırmaq Xalq yazıçısı H.İbrahimov üçün ciddi yazıçılıq və vətəndaşlıq işidir" (4, s.356).

İsa Həbibbəyli Naxçıvan mühitinin digər bir nümayəndəsi şair və publisist Cavad Cavadlının poetik yaradıcılığını dərindən tədqiq etmiş, bu araşdırmaların nəticəsi olaraq "Ədəbiyyat və mətbuat cəbhəsində" adlı monoqrafiya meydana gəlmişdir. Bu kitabda qeyd edildiyi kimi, "C.Cavadlının şeirlərindən onun özünün təbii obrazı boylanır" (5, s.26).     

İsa Həbibbəyli bu gün də Naxçıvan Yazıçılar Birliyinin fəaliyyətini davamlı olaraq diqqət mərkəzində saxlayır. O, Asim Yadigar, Həmid Arzulu, İbrahim Yusifoğlu, Muxtar Qasımzadə, Xanəli Kərimli kimi istedadlı qələm sahiblərinin yaradıcılığı timsalında Naxçıvan ədəbi mühitinin ana xətlərini tədqiq edir, burada gedən ədəbi prosesin inkişaf istiqamətlərini ümumiləşdirir.

İsa Həbibbəylinin yaradıcılığında Naxçıvan ədəbi mühiti ilə birbaşa və ya dolayısıyla bağlı olan bu diyarda yaradıcılığa başlamış, paytaxta yerləşmiş  Xalq şairi Məmməd Araz, Xalq yazıçısı  Əkrəm Əylisli, Adil Babayev, eləcə də ədəbi tənqidlə məşğul olmuş akademik Məmməd Cəfər, müxbir üzv Abbas Zamanov, uzaq Moskva şəhərində yaşayıb-yaratmış professor Əziz Şərif kimi tanınmış  ədəbiyyat və sənət adamlarının tədqiqi də mühüm yer tutur.

İsa Həbibbəyli XX əsr Azərbaycan poeziyasının sonuncu zirvəsi olan Məmməd Araz irsini geniş şəkildə araşdırmışdır. Bu baxımdan alimin "Xalq şairi Məmməd Araz" (1999) adlı albom-monoqrafiyası Məmməd Arazşünaslığa layiqli bir töhfə sayıla bilər (8).

İsa Həbibbəyli Naxçıvan ədəbi mühiti ilə sıx şəkildə bağlı olan akademik Məmməd Cəfər Cəfərovun elmi irsini geniş şəkildə tədqiq etmiş, onu ədəbiyyatşünaslığımızda elmi-nəzəri üslubu yaradan görkəmli elm xadimi adlandıraraq bunu da xüsusilə vurğulamışdır ki, "Fikrimizcə, ədəbiyyatşünaslıq sahəsində xüsusi elmi məktəb yaratmaq şərəfi hələlik, Firidun bəy Köçərliyə və Məmməd Cəfər Cəfərova nəsib olmuşdur" (4, s.403). Alim eyni zamanda, akademik M.C.Cəfərovun "İnsanlar və talelər", "Get dolanginən, xainsən hələ" adlı bədii əsərlərini, "Xatirələr" memuarını və bir poemasını tapıb üzə çıxarmış və nəşr etdirmişdir. O, bununla da böyük ustadın, görkəmli elm xadiminin yaradıcılıq dünyasının genişliyini nümayiş etdirmişdir.

Naxçıvan ədəbi mühiti ilə bağlı olan görkəmli ədəbiyyat adamlarından biri də professor Abbas Zamanov olmuşdur. O, "İmperiya siyasətinə və bu siyasətə arxalanan ermənilərin ərazi iddialarına qarşı cəsarətlə səsini qaldıran, bununla da başına olmazın fəlakətlər gələn, lakin sınmayan, həm də şəxsən qalib gələn" (15, s.338) bir ziyalı, bütöv bir şəxsiyyət idi, dissident idi. Keçən əsrin 60-cı illərinin əvvəlində ermənilərin Naxçıvana ərazi iddialarının təhlükəli həddə çatdığını ziyalılara, elmi ictimaiyyətə qorxmadan bəyan etdiyinə görə o dövrdə onu partiyadan çıxarmışdılar. Heydər Əliyev hakimiyyətə gələndən sonra onun hüquqları bərpa olundu: birbaşa elmlər doktoru elmi dərəcəsi aldı, akademiyaya müxbir üzv seçildi. İsa Həbibbəyli çox doğru olaraq göstərir ki, yazıçı və müasirləri problemini bizim ədəbiyyatşünaslıq elmimizə Abbas Zamanov gətirmişdir. O, "Sabir və müasirləri" əsəri ilə bu sahənin əsasını qoymuşdur. Elə buna görə də İ.Həbibbəyli təxminən altmış ziyalı və elm xadiminin məqaləsindən ibarət "Müasirləri Abbas Zamanov haqqında" adlı kitab tərtib edərək nəşr etdirmişdir (11). Bundan əlavə, alim professor Abbas Zamanovun bircildliyini tərtib və nəşr etmiş, eyni zamanda, onun haqqında 5 sanballı eımi məqalə çap etdirmişdir.

Məlumdur ki, mətbuat ədəbiyyatın, söz sənətinin təbliğində həmişə böyük əhəmiyyət kəsb edir. Bu mənada Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzetinin buradakı ədəbi mühitin inkişafında öz yeri var və ədəbiyyat məsələlərinin burada həmişə geniş şəkildə işıqlandırılması təsadüfi deyildir. Həm də təsadüfi deyildir ki, İsa Həbibbəylinin rəhbərliyi altında bu mövzuda dissertasiya müdafiə edilib kitab şəkilində nəşr edilmişdir (13). O da qeyd edilməlidir ki, İ.Həbibbəyli yaradıcılığında bu məsələyə xüsusi diqqət yetirmiş, Naxçıvanda mətbuatın tarixi, onun inkişaf yolları, orada ədəbi düşüncənin, publisistikanın əks olunması haqqında 3 sanballı məqalə yazıb mərkəzi mətbuatda nəşr etdirmişdir.

Bunlardan əlavə, akademik İsa Həbibbəylinin "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik" (7), "Duzdağ mozaikası" (2) kimi monumental kitabları bölgədə milli mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsi və qədim tətbiqi sənətlərimizin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət kəsb edir.

Bir məsələni də qeyd etmək istəyirəm ki, İ.Həbibbəyli Naxçıvan Dövlət Universitetinin rektoru işləyərkən AMEA-nın Naxçıvan Bölməsinin elmi inkişafına da hərtərəfli kömək göstərmişdir. Hətta o, Ali Məclis Sədrinin tövsiyəsi ilə 10 ilə yaxın bölmənin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinə ictimai əsaslarla rəhbərlik etmiş, gənc kadrların hazırlanması və Naxçıvan ədəbi mühitinin elmi şəkildə öyrənilməsi işinə öz töhfəsini vermişdir. Şöbəyə rəhbərlik etdiyi illərdə İsa Həbibbəylinin təşəbbüsü ilə  taleyi və sənəti seriyasından bu ədəbi mühitin 14 nümayəndəsinin irsi tədqiq  olunaraq kitab halında nəşr edilmişdir.

AMEA-nın vitse-prezidenti kimi də akademik İsa Həbibbəylinin yaradıcılığında digər mövzularla, fərqli elmi problemlərlə yanaşı, Naxçıvan mövzusu özünəməxsus yer tutur. Son illərdə onun, Naxçıvanın qədim və müasir tarixinə, indiki yüksək inkişaf səviyyəsinə, ədəbi-tarixi şəxsiyyətlərinə həsr olunmuş əsərləri aktuallığı, yeniliyi, elmiliyi və müasirliyi ilə səciyyələnir. İsa Həbibbəyli üçün Naxçıvan mövzusu azərbaycanşünaslığın ayrılmaz üzvü tərkib hissəsidir. Siyasi-ideoloji görüşlərinə görə azərbaycançı olan akademik İsa Həbibbəyli elmi baxışları etibarilə yeni tarixi epoxanın əsas azərbaycanşünas alimlərindən biridir. Onun Naxçıvan haqqında yazdıqları da azərbaycanşünaslığa sanballı elmi töhfələrdir.

Əbülfəz QuliyevAMEA-nın müxbir üzvü

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015