AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
"Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılır
Sen 19, 2019 | 03:06 / Mühüm hadisələr
Oxunub 42 dəfə

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin müraciəti əsasında professor Qafar Cəbiyevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılır.

Ekspedisiya heyəti ilkin olaraq qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində kəşfiyyat xarakterli axtarışlara start verib. Məqsəd ərazidə yaşayışın nə zamandan başlandığını, əhalinin məskunlaşma dinamikasını, tikinti və yaşayış qalıqlarının stratiqrafiyasını, şəhər elementlərinin tarixi inkişaf prosesini, həmçinin sakinlərin məişət və mədəniyyətini öyrənməkdir.

Arxeoloji tədqiqatların ilkin nəticələri barədə məlumat verən professor Qafar Cəbiyev bildirib ki, Basqalın yaxın ətrafında insanlar hələ eramızdan əvvəl V minillikdən etibarən məskunlaşaraq ənənəvi təsərrüfat sahələri ilə məşğul olublar. Ötən əsrin 70-90-cı illərində Qırlartəpə, Qalalar və Kürdüvan ərazilərində aparılan arxeoloji qazıntı və kəşfiyyat işləri zamanı Basqalətrafı ərazilərin tarixini özündə yaşadan olduqca zəngin maddi-mədəniyyət qalıqları aşkara çıxarılıb.

Arxeoloqun sözlərinə görə, artıq Basqalın şimal qala divarlarının bir hissəsi və Basqal hamamının kürəbənd qalıqları aşkara çıxarılaraq öyrənilib. Məscid ərazisində aparılan tədqiqatlar zamanı xüsusilə maraqlı tapıntılar aşkar olunub. Tədqiqat zamanı müəyyən edilib ki, son onilliklərdə Basqal məscidi kimi təqdim olunan bina əslində həmin ərazidəki daha qədim tikinti qalıqları üzərində tikilib. Dörd möhtəşəm sütun üzərində tikilən və üzəri bişmiş kərpiclə örtülmüş tikili hələlik Basqal ərazisində məlum olan ən qədim memarlıq nümunəsidir.

Q.Cəbiyev bildirib ki, Basqal məscidinə aid edilən kitabələrdən birində Şeyx Məhəmməd və oğlu Şeyx Səfayinin adı çəkilir: “Məscidin divarına bərkidilən və 1568-ci ilə aid olan həmin kitabədə iki şeyxin adının çəkilməsi belə ehtimal etməyə əsas verir ki, bu məkan Şirvanşahların himayə etdiyi sufi məktəblərindən birinin xanəgahına aid olub. Xanəgaha aid olan digər bir element oradakı iri koğuşa malik qədim çinar ağacıdır. Məlum olduğu kimi, sufilər adətən belə ağacların koğuşuna çəkilərək zikr edir, çillə çıxarırdılar. Bu ayinlə əlaqədar orta əsr miniatürləri də var”.

Mütəxəssislər hesab edirlər ki, Basqalın şöhrət dolu keçmişini daha dərindən və hərtərəfli araşdırmaq üçün genişmiqyaslı arxeoloji tədqiqatları davam etdirmək zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015