AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Çinli alimlər Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlarla maraqlanıblar
Sen 20, 2019 | 08:34 / Görüşlər
Oxunub 102 dəfə

Sentyabrın 20-də Çin Sosial Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun Beynəlxalq strategiya şöbəsinin alimləri Şao Fenq və Vanq Li AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Çinli alimlər ilk olaraq institutun direktoru, akademik Gövhər Baxşəliyeva və Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli ilə görüşüblər.

Akademik G.Baxşəliyeva qonaqlara rəhbərlik etdiyi müəssisədə aparılan elmi tədqiqatların əsas istiqamətləri barədə məlumat verib. Bildirib ki, institutda Asiya-Sakit okean regionu ölkələri, o cümlədən Çinlə bağlı araşdırmalara son illərdə başlanılıb. 2016-cı ildə institutda Asiya-Sakit okean regionu ölkələri şöbəsinin yaradıldığını deyən alim burada Çin Xalq Respublikasının (ÇXR) müasir dövrünün tarixinin öyrənilməsi, Çinin iqtisadi inkişaf yolları, milli və xarici siyasəti, beynəlxalq arenada yeri, o cümlədən Azərbaycanla mədəni əlaqələrinə dair tədqiqatların aparıldığını bildirib.

Direktor institutun ÇXR-in Konfutsi İnstitutu ilə müqaviləsi çərçivəsində müəllimlərin əməkdaşlara Çin dilini tədris etməsini, bir gənc əməkdaşın Nanjinq Universitetinə, digərinin isə Anhoy Universitetinə magistr təhsili almaq üçün göndərildiyini qeyd edib.

Zenfira Şıxəlibəyli isə qonaqlara Asiya-Sakit okean regionu ölkələri şöbəsində aparılan araşdırmalar, nəşr etdirilən kitablar haqqında ətraflı məlumat verib.

Daha sonra Şao Fenq təmsil etdiyi şöbədə bir çox ölkələr, o cümlədən Azərbaycanla beynəlxalq əlaqələrlə bağlı tədqiqatlar aparıldığını bildirib. Qeyd edib ki, Bakıya gəlmələrində əsas məqsəd də Azərbaycanın iqtisadiyyatını, siyasətini, mədəniyyətini, xarici əlaqələrini daha dərindən öyrənməkdir.

Daha sonra çinli alimlər Asiya-Sakit okean regionu ölkələri şöbəsində olub, əməkdaşların araşdırmaları ilə maraqlanıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015