AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutu Bolqarıstanın Şumen Universiteti ilə əməkdaşlıq edəcək
Sen 12, 2019 | 10:16 / Görüşlər
Oxunub 92 dəfə

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetinin professoru, tarix elmləri doktoru Biser Qeorqiyevlə görüşüb.

Görüşdə B.Qeorqiyev Şumen Universitetinin institutla elmi əməkdaşlıq əlaqələri qurmaq istədiyini bildirib.

Yaqub Mahmudov isə öz növbəsində ölkələrimiz və xalqlarımız arasında tarixi yaxınlıq olduğunu vurğulayıb.

Daha sonra iki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub. Razılığa əsasən, birgə kitablar çap ediləcək və elmi konfranslar keçiriləcək. Bundan əlavə, Tarix İnstitutu və Şumen Universitetində Azərbaycan-Bolqarıstan əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması qərara alınıb. Bu mərkəzlərdə iki ölkə arasındakı əlaqələrin tarixi qədimdən müasir dövrədək, o cümlədən Bolqarıstanın erkən orta əsrlər tarixi və Bulqar türk dövlətinin türk dünyasındakı yeri araşdırılacaq.

Sonda institutun rus dilindəki nəşrləri - “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” qonağa hədiyyə olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015