AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Nərgiz Axundovanı 60 illik yubileyi münasibətilə təbrik edirik!
Avg 06, 2019 | 12:40 / Yubileylər
Oxunub 28 dəfə

Avqustun 7-də tarixçi alim, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın 60 yaşı tamam olur.

Akademik Nərgiz Axundova 7 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin Ərəb dili şöbəsini fərqlənmə diplomu ilə bitirib, 1987-ci ildə “Suriya Ərəb Respublikasının ictimai-siyasi həyatında islamın rolu (1963-1981-ci illər)” mövzusunda namizədlik, 2007-ci ildə “Abbasilər Xilafətinin hərbi-siyasi strukturunda türklərin rolu” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2011-ci ildə professor elmi adını alıb, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

1981-ci ildə Azərbaycan Dövlət Universitetində ərəb dili müəllimi kimi əmək fəaliyyətinə başlayan Nərgiz Axundova 1983-1986-cı illərdə Tarix fakültəsinin əyani aspirantı olub, 1986-2012-ci illərdə Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasında baş laborant, müəllim, dosent, professor vəzifələrində çalışıb. Alim 2012-ci ildə AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsində aparıcı elmi işçi, sektor müdiri vəzifələrində işləyib.

Akademik Nərgiz Axundova 2015-ci ildən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsində fəaliyyətini uğurla davam etdirir. O, orta əsrlər tarixinin aktual problemlərinə həsr olunmuş 120- dən çox elmi əsərin, həmçinin 4 monoqrafiya, 6 dərsliyin müəllifidir. Alimin tədqiqatlarında orta əsrlər tarixinin müxtəlif aspektləri, əsasən xilafətin yaranmasından onun siyasi süqutuna qədərki dövrdə ərəb-türk münasibətləri, eləcə də tarixin müxtəlif dövrlərində mövcud olmuş türk imperiyalarının idarəçilik sistemi, həyata keçirdikləri müharibələr, türk xalqlarının və dövlətlərinin Qafqaza təsiri kimi məsələlər araşdırılıb.

Onun “Xilafətin dövlət idarəçilik sistemində türklər (VIII-X əsrin ortaları)”, “Qafqaz və böyük türk imperiyaları” (həmmüəllif), “Suriya və İraq ƏSDP-in hakimiyyəti altında”, “Asiya və Afrika ölkələri tarixi (feodalizmin meydana gəlməsi və inkişafı)”, “Asiyanın ərəb ölkələrinin çağdaş tarixi” (həmmüəllif), “Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi”, “Asiya və Afrika ölkələrinin çağdaş tarixi” monoqrafiya və dərslikləri elmi ictimaiyyətin dərin rəğbətini qazanıb.

Alim bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan tarix elmini uğurla təmsil edib. Yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində də N.Axundovanın mühüm xidmətləri vardır. Onun rəhbərliyi ilə 10-a yaxın fəlsəfə və elmlər doktoru hazırlanıb.

Nərgiz Axundova AMEA-nın Abbasqula Ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvüdür. O, bir sıra respublika və beynəlxalq elmi jurnalların redaksiya heyətinin tərkibində təmsil olunur.

Görkəmli alimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və elmi fəaliyyətində uğurlar arzu edirik!

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015