AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Azərbaycan və Yaponiya arxeoloqlarının damcılı düşərgəsində tədqiqatları
Avg 02, 2019 | 12:29 / Mühüm hadisələr
Oxunub 82 dəfə

16 iyun tarixindən etibarən Qazax şəhərindən 20 km şimal-qərbdə, Daş Salahlı kəndindən təxminən 3 km qərbdə Avey dağın şərq ətəyində yerləşən Damcılı düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqatların IV mövsümü başlanmışdır.
Tədqiqatlar 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Mədəniyyət Nazirliyi və Tokio Universteti arasında bağlanmış memoranduma əsasən aparılır. Tədqiqatların məqsədi Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində neolitdən (Yeni Daş dövründən) əvvəlki dövrlərdə (mezolitdə və paleolitdə) Orta Kür hövzəsində ovçu-yığıcıların sosial-iqtisadi həyatı, Ön Asiya ilə genetik bağlı neolit cəmiyyətləri ilə yerli mezolit cəmiyyətləri arasında olan mümkün münasibətlər haqqında dərin məlumat əldə etməkdir. 
Qeyd etmək lazımdır ki, 1953-cü ildə arxeoloqlar Sergey Zamyatnin və Məmmədəli Hüseynov tərəfindən Damcılı mağarasında ibtidai icma dövrü düşərgəsi aşkar olundu. 1956-1957-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının apardıqları arxeoloji qazıntı işləri zamanı mağarada ibtidai insanlar tərəfindən hazırlanmış 7 minə qədər daş məmulatı və ovlanmış heyvanların 2 mindən çox qalıqları tapılmışdı. Damcılı mağara duşərgəsindən aşkar olunmuş daş məmulatların texniki və tipoloji xüsusiyyətlərinə görə M. Hüseynov onları orta və üst paleolit, mezolit və neolit dovrlərinə aid etmişdir.
2016-2018–ci illərdə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Damcılı mağarasında apardığı qazıntılar nəticəsində orta paleolitdən başlayaraq altı mədəni təbəqə aşkar olunmuşdur. Hazırda əvvəlki qazıntı sahəsinin genişləndirilməsi VI təbəqədə və daha alt hissədə qazıntıları davam etdirməyə imkan verəcək.
"Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyevanın və Qoruq əməkdaşlarının yaxından iştirakı ilə aparılan tədqiqatlarda Yaponiya tərəfini Tokio Universtetinin professoru Yoşihiro Nişiakinin rəhbərlik etdiyi yapon arxeoloqları və arxeometrik tədqiqat mütəxəssisləri - Kazuya Şimoqama (Qədim Şərq Muzeyi, Tokio), Çia Akaşi (Tokio Universiteti, Universitet Muzeyi), Fumika İkeyama (Tokio Universiteti, Universitet Muzeyi), Kaoru Bakuhan (Tokio Unversiteti), Masato Hirose (Təbiət və Elm Milli Muzeyi, Tokio), Yoşiki Miyata (Kanazava Universiteti), Akiko Horiuçi (Beynəlxalq Xristian Universiteti, Tokio) təmsil olunmuşlar. Azərbaycan tərəfini t.ü.f.d. dosent Mansur Mansurovun rəhbərlik etdiyi arxeoloji missiyanı Azərbaycan arxeoloqları - t.ü.f.d., dosent Azad Zeynalov, elmi işçilər Yaqub Məmmədov, Ülviyyə Heydərova və Əjdər Babazadə təmsil edirlər.

P.S. İngilisdilli Azərbaycan saytları üçün yapon arxeoloji missiyası üzvləri barədə məlumat: 
Yoshihiro Nishiaki (the University Museum, the University of Tokyo, JAPAN / co-director of the expedition);
Kazuya Shimogama (Research Fellow, The Ancient Orient Museum, Tokyo, JAPAN);
Chie Akashi (the University Museum of the University of Tokyo, JAPAN);
Fumika Ikeyama (Graduate Student of the University of Tokyo, JAPAN);
Kaoru Bakuhan (Graduate Student of the University of Tokyo, JAPAN);
Masato Hirose (National Museum of Nature and Science, Tokyo, Japan);
Yoshiki Miyata (Post-doctoral Research Fellow, Kanazawa University, JAPAN);
Akiko Horiuchi (Research Fellow, International Christian University, JAPAN)
 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015