AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycanlı alim Qırğızıstanda keçirilən beynəlxalq konfransda ölkəmizi təmsil edib
İyl 01, 2019 | 12:48 / Konfranslar, iclaslar
Oxunub 46 dəfə

Qırğızıstan Respublikasında Almaniyanın Konrad Adenauer Fondu və Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən “Mərkəzi Asiya tarixinin aktual problemləri: nəzəriyyə və tədqiqatların metodologiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq elmi tədbirin işində Almaniya, Özbəkistan, Qazaxstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Konfransın əsas məqsədi Mərkəzi Asiya tarixşünaslığının gələcək inkişafında yeni nəzəri-metodoloji yanaşmaların və bu sahədə bölgə ölkələri alimlərinin əməkdaşlığı və elmi dialoqunun gücləndirilməsi yollarının müzakirəsindən ibarət olub.

Azərbaycanı bu beynəlxalq tədbirdə AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. O, konfransda “Postmarksist sindrom: müasir türkoloji tarixşünaslığın metodoloji problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə sovet və müstəqillik dövründə türk respublikalarının tarixinin öyrənilməsində istifadə edilən metodoloji yanaşmaların ümumi və fərqli cəhətləri təhlil olunub, bu sahədə müasir dünya elminin təcrübəsinin əhəmiyyətindən bəhs edilib. Akademik Ş.Mustafayevin çıxışı konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Konfransda qədim zamanlardan yeni dövrə qədər bölgə tarixinin müxtəlif nəzəri aspektləri, bu sahədə dünya tarixşünaslığında mövcud olan müasir metodoloji prinsip və üsullar və onların bölgə ölkələri tarixşünaslığında tətbiq edilmə imkanları ilə bağlı bir sıra maraqlı məruzələr dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015