AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
İyn 13, 2019 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 118 dəfə

2019-cu il 12 iyun tarixində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova iclası açaraq Şura üzvlərindən təqdim edilmiş iclasın gündəliyinə münasibət bildirməyi təklif etdi. İclasın gündəliyinə dəyişiliklər barədə təkliflər olmadığından Elmi Şura iclasının birinci məsələsinin müzakirəsinə başlanıldı.

Elmi Şura gündəliyinin birinci məsələsi — Tarix üzrə Problem Şurasının qərarından sonra tarix üzrə elmlər doktoru dissertasiya mövzusunun adının təsdiqi barədə idi. Məsələ üzrə çıxış edən professor M.Rəhimova ilk növbədə aparılan islahatlar nəticəsində arxeologiya və etnoqrafiya üzrə elmi işlər üzrə xüsusi bölüm yaradılmışdır və Elmi Şura üzvlərinin diqqətinə çatdırdı ki, Problem Şurasında onun rəhbəri  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Nəcəf Müseyibli təyin edilmişdir.

Professor M.Rəhimova bildirdi ki, Problem Şurasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı Səmədov Yadigar Babakişi oğlunun tarix üzrə elmlər doktoru dissertasiyası “Azərbaycan xalq oyunı və əyləncələri ümumtürk mədəniyyəti kontekstində” mövzusunda adı “Azərbaycan xalq oyunları və əyləncələri ümumtürk mədəniyyəti kontekstində” kimi redaktə edilib. Professor M.Rəhimova Elmi Şura üzvlərinə məsələ ilə bağlı fikirlərini bildirsinlər. Məsələyə irad və təkliflər olmadığından Elmi Şura AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı Səmədov Yadigar Babakişi oğlunun tarix üzrə elmlər doktoru dissertasiyasının Problem Şurasında redaktə edilmiş adını təsdiq etdi.

Elmi Şura gündəliyinin ikinci məsələsi — Almatı şəhərində keçirilən Sualtı Mədəni irsin mühafizəsi üzrə YUNESCO-nun ilk regional görüşü ilə bağlı, beynəlxalq tədbirini iştirakçısı t.ü.f.d. İdris Əliyevin hesabatının müzakirəsi idi. T.ü.f.d. İdris Əliyev çıxışında ilk növbədə Elmi Şura üzvlərinin diqqətinə çatdırdı ki, Mayın 21-23-də Qazaxıstanın Almatı şəhərində UNESCO-nun himayəsi altında Xəzər regionunun sualtı mədəni irsinin mühafizəsinə dair 1-ci Regional İşçi görüşü keçirildi.

Sualtı mədəni irsinin talançılıqdan mühafizəsinə dair 2001-ci il Paris Konvensiyası çərçivəsində UNESCO Almatı ofisi tərəfindən təşkil olunan tədbirdə Xəzər regionu ölkələri həm öz ərazilərində, həm də bütövlüklə regionda sualtı mədəni irsin mühafizəsinə və potensialına, perspektiv imkan və vasitələrinə dair müzakirələr aparılmışdır.

Görüşdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan milli sualtı arxeologiya ekspertləri və mədəni miras mütəxəssisləri, rəsmi şəxslər, beynəlxalq ekspertlər, UNESCO nümayəndələri iştirak etmişdilər.

Beynəlxalq tədbirdə Azərbaycanı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq İdris Əliyev, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov təmsil etmişlər.

Azərbaycan nümayəndə heyəti beynəlxalq müşavirədə Xəzər dənizinin Azərbaycan sərhədləri çərçivəsinə aid hissəsində su altında qalmış abidələr (Bakı buxtasındakı qala qalıqları, Bəndovan I-III, Səngi Muğan orta əsr yaşayış məskənləri, ticarət və hərbi gəmi qalıqları və s.), onların tədqiqinin tarixi və müasir durumu barədə elektron-vizual görüntülərlə müşayət olunan elmi məruzə ilə çıxış etmişlər. Azərbaycan nümayəndə heyətinin elmi məruzəsi beynəlxalq tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Tədbir çərçivəsində aparılmış fikir mübadiləsi zamanı regionun sualtı arxeologiyası və sualtı abidələrin mühafizəsi üzrə əməkdaşlıq strategiyasının tərtibi məsələlərinə toxunulub.

Eyni zamanda t.ü.f.d. İdris Əliyev bildirdi ki, Rusiya və Türkiyəli mütəxəssislərlə söhbətdə Azərbaycanda sualtı arxeologiyanın bərpası, dalğıcların hazırlanması mövzularına toxunulmuş və bu mövzuda mümkün fəaliyyət planı variantları nəzərdən keçirilmişdir.

Daha sonra məruzəçi Elmi Şura üzvlərinin suallarını cavablandırmışdır.

Elmi Şura gündəliyinin üçüncü məsələsi — t.ü.f.d. Natiq Alışovun Balakən rayonu Tülü kəndində aşkar edilmiş alban kilsəsində apardığı arxeoloji tədqiqatların təqdimatı idi. Elektron slaydlarla müşayət olunan təqdimatda t.ü.f.d. Natiq Alışov Balakən rayonu Tülü kəndində aşkar edilmiş kilsənin tədqiq tarixi barədə söz açdı. O bildirdi ki, 2017-2018-ci ilin tədqiqat mövsümündə aparılan arxeoloji qazıntılar nəticəsində uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni  5,70 metrlə 12,30 m arasında dəyişən, Qafqaz Albaniyasına məxsus xristian abidəsi tədqiqata cəlb edilmişdir.

2019-ci il aprelin 10-dan mayın 09-dək davam edən tədqiqatda abidənin inşaat dövrünü müəyyən edilməsi istiqamətində aparılmışdır. Bu məqsədlə, kilsənin cənub divarının xarici üzündə müəyyən edilmiş hissədə arxeoloji tədqiqatlara başlanılmışdır. Aparılan arxeoloji tədqiqatlar nəticəsində abidədə mövcud olan üçüncü tikinti qatı aşkarlanmışdır. Bu qatın dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlar nəticəsində müəyyən edildi ki, Tülü kilsəsi uzunluğu 15, eni 10,50 m, olan daha qədim dini ictimai tikili üzərində inşa edilmişdir. Aşkar olunan bu tikili qatının kompleks olaraq tədqiqi üçün kilsənin qərb girişinin daxili araşdırılmış və dini ictimai binanın şimal divarının torpaq altında qalan hissəsi təmizlənmişdir. Daha qədim dövrə aid dini ictimai binanın şərq divarının mövcudluğunun müəyyən edilməsi istiqamətində kilsənin altar hissəsinin cənub divarının bayır üzünə yoxlama qazıntısı qoyulmuşdu. Bu qazıntı nəticəsində şərq divarının kilsənin altarının alt hissəsində yerləşdiyi müəyyənləşdi. Burada aparılan qazıntı işləri nəticəsində  xristian dəfn adətinə uyğun 24 qəbir izləmək mümkün olmuşdur ki, bu qəbirlər bəzilərində təkrar dəfn həyata keçirilmişdi. Aşkarlanan qəbirlərin əksəriyyəti uşağa, yeniyetməyə və yetkin insana məxsus olması müəyyən edilmişdir.

Arxeoloq Natiq Alışovun bildirdiyinə görə, aparılan arxeoloji tədqiqatlar nəticəsində abidə ərazisində ilk dəmir dövründən orta əsrlər kimi müxtəlif dövrlərə  aid keramika nümunələrinə, kirəmit fraqmentlərinə, dəndaşı, şüşə qolbaq hissələrinə, pasta muncuq, tuncdan asma bəzək, ritual əşyalara və xristianlığın əsas simvolu sayılan xaç nümunəsi aşkar olunmuşdu. Bu dini ictimai binanın kompleks araşdırılması üçün gələcəkdə də arxeoloji tədqiqatın davam etdirilməsi  nəzərdə tutulur.

Təqdimatdan sonra məruzəçi Elmi Şura üzvlərinin suallarını cavablandırmışdır.

Daha sonra Elmi Şura cari məsələləri müzakirə etdi.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015