AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-da Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
İyn 20, 2019 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 296 dəfə

İyunun 20-də AMEA-nın Əsas binasında Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin birgə təşkilatçılığı ilə“Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən görkəmli sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, ümumdünya tarixinin görkəmli şəxsiyyəti ilə bağlı keçirilən konfransın məqsədi Azərbaycan xalqının dahi oğlunu dünya miqyasında tanıtmaqdır. Tarix boyu Nadir şah Əfşarın qəddar və qan tökən hökmdar kimi təqdim edildiyini qeyd edən institut direktoru əslində bu şəxsiyyətin Azərbaycan və dünya tarixində xüsusi rolu olduğunu deyib.

Tarixçi alimin sözlərinə görə, qədim və zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqı imperiya yaratmaq kimi güclü bir mədəniyyətə malikdir: “Orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını məhz Azərbaycan sərkərdələri yaradıblar. Nadir şahın da tariximizdə hökmdar və dahi sərkərdə kimi misilsiz yeri vardır”.

Məruzəçi qeyd edib ki, Nadir şah həm Osmanlı imperiyasını məğlub edərək torpaqları azad etmiş, həm də çar Rusiyasının qoşunlarını Dərbənddən kənarlaşdırmağa nail olmuşdur. O, dünya tarixində Hindistanı fəth edən 3-cü nadir sərkərdədir. Nadir şah Əfşar dünyanın 3 böyük  imperiyasını – çar Rusiyası, Osmanlı imperiyası və Böyük Moğol imperiyasını məğlub etmişdir. Dahi şəxsiyyət Səfəvi dövlətinin bütün sərhədlərini bərpa edərək və düşmənləri ölkədən çıxararaq Azərbaycan xalqının tarixində böyük bir mübarizənin qalibi olmuşdur.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək xalqımızın çoxəsrlik tarixinin, görkəmli şəxsiyyətlərinin dərindən, əsaslı şəkildə, sənədlər əsasında və azərbaycançılıq mövqeyindən tədqiq olunub öyrənilməsi, bu barədə əsərlərin nəşr edilib yeni nəsillərə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə hələ sovet hakimiyyəti dövründə həyata keçirdiyi tədbirlər Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra daha da vüsət alıb. Bu gün Prezident İlham Əliyevin imzaladığı mühüm tarixi sərəncamlarla tarixi hadisələrə, görkəmli şəxsiyyətlərə yenidən qiymət verilir, onların irsi və fəaliyyəti dərindən araşdırılır.

Alimin sözlərinə görə, Azərbaycanda ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyev sayəsində milli-mənəvi dəyərlərə qayıdış prosesləri, azərbaycançılıq mövqeyinin dərinləşməsi istiqamətində ciddi işlər aparılmışdır. Hələ 60-80-ci illərdə bir-birinin ardınca Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş tarixi romanlar nəşr olunmuşdur. Akademik Ziya Bünyadovun Atabəylər dövləti haqqında qələmə aldığı kitabı Azərbaycan  Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

Akademik İsa Həbibbəyli dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycanda dahi şəxsiyyətlərə, soy-kökə, milli-mənəvi dəyərlərə, tarixi yaddaşa qayıdış prosesinin sürətləndiyini vurğulayıb. Qeyd edib ki, ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra azərbaycançılığın ümummilli ideyadan müstəqil dövlətin ideologiyası səviyyəsinə qaldırılması bu dahi şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir. Hazırda Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət milli tarixi siyasətin, azərbaycançılıq hərəkatının tamamilə yeni mərhələyə çatmasına gətirib çıxarmışdır.

Məruzəçi bu gün Azərbaycan tarixi, mədəniyyəti və dəyərlərinin elmi əsaslarla öyrənildiyini, tədqiq və təbliğ olunduğunu deyib. O, Azərbaycanın mili-mənəvi dəyərlərinin UNESCO-nun Dünya qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu istiqamətdə dövlətin apardığı iş AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin institutlarında da davam etdirilir, daha da dərinləşdirilir.

İsa Həbibbəyli müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən birinin tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlar olduğunu deyərək Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini yüksək qiymətləndirib. Bildirib ki, bu elmi müəssisə tariximizin ən müxtəlif dövrlərini tədqiq edərək, şanlı tariximizi düzgün və dolğun əks etdirən əsərlər ortaya qoyur.

AMEA-nın vitse-prezidenti AR Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətindən də söz açaraq, alimin Azərbaycan dövlətinin ideoloji əsaslarını əks etdirən bir sıra sanballı tədqiqat əsərlərinin müəllifi olduğunu bildirib. Qeyd edib ki, akademik Ramiz Mehdiyevin son illər bir-birinin ardınca nəşr etdirib geniş ictimaiyyətə çatdırdığı “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitablarını Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran, onu sənədlər əsasında tədqiq edən xüsusi elmi nümunələr hesab etmək olar.

Natiq akademik Ramiz Mehdiyevin Səfəvilər və Nadir şah haqqında tədqiqatlarını Azərbaycan tarixşünaslıq elmində ən mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Qeyd edib ki, “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabında elmi redaktorun apardığı təhlil və müqayisələr bu böyük şəxsiyyəti dövlət hakimiyyətinə gətirən yolun aydın şəkildə qavranılmasına kömək edir.

İ.Həbibbəyli çıxışının sonunda bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, aktual mövzuya həsr olunmuş konfransın işinə uğurlar arzulayıb.

Konfransda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Türkiyənin Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya, Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə, tarix elmləri doktoru Mehman Süleymanov, professor Ədalət Tahirzadə, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazıçı Yunus Oğuz və Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin rəhbəri Şöhlət Əfşar və digərləri çıxış edərək Nadir şah Əfşarın dövlətçilik fəaliyyəti və nailiyyətləri barədə fikirlərini səsləndiriblər. Nadir şahın təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən olduğunu qeyd ediblər.

Elmi konfransda “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” adlı kitabın təqdimatı da keçirilib. Qeyd edək ki, kitabın müəllifləri akademik Yaqub Mahmudov və professor Tofiq Mustafazadə, elmi redaktoru isə tarixçi alim Mehman Süleymanovdur. Yeni nəşr Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

Beynəlxalq konfrans “Nadir şah Əfşar imperiyasının tarixi ilkin qaynaqlarda və tarixşünaslıqda”, “Nadir şah Əfşar: dahi sərkərdə və dövlət xadimi”, “Nadir şah Əfşarın daxili siyasəti” və “Nadir şah Əfşarın xarici siyasəti” bölmələrində fəaliyyət göstərib. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015