AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Muzeydə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın anadan olmasının 120 illiyinə (1899-1991) həsr olunmuş xatirə tədbiri keçirilib
May 21, 2019 | 10:27 / Konfranslar, iclaslar
Oxunub 3094 dəfə
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi 
 Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın anadan olmasının 
120 illiyinə (1899-1991) həsr olunmuş xatirə tədbiri keçirilib. 
Tədbirdə tarixçi alimlər, muzey əməkdaşları, Sara Tağıyevanın ailə 
üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Muzeyin Elmi katibi, t.ü.f.d. dos. Fərhad 
Cabbarov açaraq, Sara xanım Tağıyevanın həyat yolu, çəkdiyi 
məhrumiyyətlər və muzeyin fondlarında ona aid qorunan zəngin sənədli 
materiallar haqqında danışıb. Qeyd edib ki, o, 1899-cu ildə, may ayının 
20-də atasının mülkündə, Muzeyin indiki binasında anadan olub, sovet 
hakimiyyətinə qədər burada yaşayıb, buradan da son mənzilə yola salınıb. 
Məlumdur ki, sovet hakimiyyətinin ilk dövrlərindən etibarən Azərbaycanda 
sahibkarlara qarşı təqiblər başlanmışdı. Bu hadisələr H.Z.Tağıyevdən də 
yan keçməmişdir. H.Z.Tağıyevin xeyriyyəçilik əməlləri də nəzərə 
almayaraq, adı qara siyahıya salınmış, barəsində danışmağa belə 
qadağalar qoyulmuşdur. Bu qadağalara baxmayaraq, totalitar rejim 
dövründə Sara Tağıyeva həyatının böyük hissəsini atasının xeyriyəçilik 
əməllərinin tanıdılmasına həsr etmişdir. Lakin Sara xanım atasının 
xatirəsini yaşatmaq, onun repressiyaya uğramış ad və nüfuzunu bərpa 
etmək üçün bir çox məhrumiyyətlərə dözmüş, Tağıyev irsini təbliğ etmiş 
və sonda buna nail olmuşdur.
Sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edib, Sara 
xanımın görkəmli akademik Ziya Bünyadovla görüşlərindən, bu mövzudakı 
xatirələrindən bəhs etdi. Bildirdi ki, Sara xanım atasının milli, mədəni 
inkişafımızdakı rolunu üzə çıxartmaq istəyirdi.
“Kaspi” qəzetinin baş redaktoru Sona Vəliyeva çıxış edib qeyd etdi ki, 
XIX əsrin sonunda rusdilli “Kaspi” qəzetinin milliləşməsində 
H.Z.Tağıyevin böyük rolu olub. Görkəmli xeyriyyəçinin “Kaspi” qəzetinin 
mətbəəsini almasından sonra Əlimərdan bəy Topçubaşovun naşirliyi ilə bu 
qəzet Qafqaz, hətta Rusiya müsəlmanlarının carçısına çevrilmişdi. Sara 
xanım atasının məhz bu kimi bu milli, mədəni fəaliyyətlərini ortaya 
çıxarmaq istəyirdi. S.Vəliyeva Sara xanımın bədii obrazının 
yaradılmasının vacibliyini də bildirdi.
Tədbirdə tarixçi alim, t.ü.f.d. Firdovsiyyə Əhmədova da çıxış edərək, 
Sara Tağıyevanın həyatından və onun sovet hakimiyyəti dövründə atası 
H.Z.Tağıyevə qarşı qeyri-obyektiv fikirlərə, onun ictimai və 
xeyriyyəçilik fəaliyyətinin təhrif olunmasına qarşı mübarizəsindən 
danışdı. Qeyd etdi ki, H.Z.Tağıyevin qızı atasının maarifçilik və milli, 
mənəvi, mədəni inkişafımızdakı xidmətlərinin SSRİ hakimiyyəti tərəfindən 
tanınmasını, tədqiq və təbliğ edilməsini tələb edirdi.
Sonra Tağıyev nəslinin yaxınlarından olan Elnur Musazadə çıxış etdi. 
Sara xanımın vətənə məhəbbətindən, maarifçilik fəaliyyətindən və onun 
ailəsi haqqında danışdı.
Daha sonra AMEA Tarix İnstitutunun şöbə müdiri, t.ü.f.d. Hacı Həsənov 
çıxış edərək, 1980-ci illərdə Sara xanımla olan xatirələrindən, onun öz 
atasının adını təmizləmək üçün göstərdiyi xidmətlərdən bəhs etdi. 
Bildirdi ki, Sara xanımın bu fəaliyyətini, H.Z.Tağıyevin mirasını 
Azərbaycan xalqı heç vaxt unutmayacaq.
Tədbirdə iştitak edən kinorejissor Ayaz Salayev Sara xanımla olan 
görüşlərindən, 1988-ci ildə çəkdiyi “Ata” filmindən bəhs etdi. Bildirdi 
ki, bu gizli çəkilişlərdə Sara xanımdan H.z.Tağıyev və onun mirası 
haqqında qiymətli fikirlər öyrənilmiş və yaşadılmışdır. O, Sara xanımın 
yaşadığı bütün məhrumiyyətlərə baxmayaraq, ondakı ruh yüksəkliyini, 
atasının adının təmizə çıxacağına olan inamını da qeyd etdi.
Sara xanımla görüşlərindən danışan Rəsul Rəxşanlı onun Tağıyev irsini, 
milli-mədəni mirasımızı üzə çıxartmaqdakı yorulmaz fəaliyyətindən bəhs 
etdi. Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li orta məktəbin direktor 
müavini Gülnarə Əzimova da çıxış edərək, bu məktəbin ilk öncə bağbanlıq 
peşəsinin öyrənilməsi üçün əsasının qoyulmasında H.Z.Tağıyevin rolundan 
danışdı. Həmçinin S.Tağıyevanın ömür yolundan, acınacaqlı həyatından 
bəhs etdi.
Daha sonra tarixçi-tədqiqatçı Fuad Axundov çıxış etdi. Sara xanımın 
atasının irsini yaşatmaq üçün yazdığı əlyazmalardan, onun elmi-fəlsəfi 
biliyinin dərinliyindən bəhs etdi. Sara xanımın H.Z.Tağıyevin əsasını 
qoyduğu rus-müsəlman qız məktəbinin məzunları ilə olan əlaqəsindən, bu 
irsin tədqiq və təbliğindən danışdı.
Sonda S.Tağıyeva haqqında çəkilmiş televiziya filmindən fraqmentlər 
nümayiş olundu. Muzey nəzdindəki “H.Z.Tağıyev klubu”nun üzvlərinin 
ifasında Teyyub Qurbanlının “SARA” poeması əsasında səhnəciklər 
göstərildi. Həmçinin “H.Z.Tağıyev klubunun” üzvlərinə sertifikatlar 
təqdim olundu və xatirə şəkli çəkildi.
 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015