AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
“Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
Apr 17, 2019 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 72 dəfə

AMEA-nın Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsinə həsr olunun tədbirdə millət vəkilləri, elmi ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

İclası institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq akademik Ramiz Mehdiyevin son illərdə Azərbaycan tarixinin aktual dövrlərinə - Şah İsmayıl Xətai, Nadir şah Əfşar, ADR-İran diplomatik münasibətləri, Dağlıq Qarabağ və digər mövzulara həsr olunmuş kitablarının çapdan çıxdığını söyləyib. Qeyd edib ki, akademikin sözügedən əsərlərində Azərbaycan tarixinin mahiyyəti araşdırılıb, onun məna və məzmunu üzə çıxarılıb, həmçinin elmi dövriyyəyə nadir tarixi sənədlər, yeni mənbələr daxil edilib.

Yeni nəşrdə müəllifin xanlıqların taleyini təfərrüatı ilə təsvir etdiyini deyən İ.Məmmədzadə bildirib ki, əsərdə, həmçinin ermənilərin çar Rusiyasının təkidilə Azərbaycan ərazilərinə köçürmələri və dövlət qurmaları bilavasitə erməni tarixçilərin əsərlərindən faktlar gətirməklə oxucuya təqdim olunur.

Alimin sözlərinə görə, kitabda tədqiqatçılara tövsiyələr verilir, tarixi araşdırmaların necə aparılmalı olduğu, tarixi material və mənbələrin hansı rol oynadığı, tarixi geosiyasi münasibətləri dərk etməyin nə qədər vacib olduğu izah edilir. Əsərin filosoflar üçün qiymətli mənbə olduğunu deyən professor fəlsəfi ümumiləşdirmə və yanaşmalarla Azərbaycan tarixinin müxtəlif dövrlərini anlamaq və onun mahiyyətini aşkar etməyin mümkün ola biləcəyini vurğulayıb.

Tədbirdə, həmçinin millət vəkili Qənirə Paşayeva, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Fəlsəfə İnstitutunun ümumi işlər üzrə direktor müavini Qabil Camalov, fəlsəfə elmləri doktorları - Füzuli Qurbanov, Əlikram Tağıyev, Arif Bünyadov və fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli çıxış edərək xanlıqlar dövrünün Azərbaycan tarixində mühüm yer tutduğunu söyləyib, əsərdə sənədlərdən və tarixi məxəzlərdən istifadə olunmasını yüksək qiymətləndiriblər. Bundan əlavə, SSRİ dövründə Azərbaycan tarixinin təhrif edildiyi bildirilib, nəşrin tarixi həqiqətləri üzə çıxarması, cəmiyyətin, xüsusilə də gənclərin maarifləndirilməsi baxımından önəmini qeyd ediblər.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin "Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr" və fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadənin "Xanlıqlar institutunun siyasi-ideoloji xəritəsi yazılan sənədlərdə" mövzusunda məruzəsi dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015