AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Goranboyda son tunc-erkən dəmir dövrünə aid nekropolda maddi mədəniyyət nümunələri aşkar olunub
Apr 04, 2019 | 04:03 / Mühüm hadisələr
Oxunub 180 dəfə

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.

Arxeoloji tədqiqatlar Goranboy rayonunun Səfikürd kəndi ərazisində Qarasu dərəsinin sağ sahilində yerləşən Qarasu dərəsi nekropolunda aparılır. Son tunc-erkən dəmir dövrünə aid nekropolda aparılan tədqiqatlar zamanı zəngin maddi mədəniyyət nümunələri aşkar edilib.

Qazıntılar zamanı qəbirdən bir ədəd böyük küp, 3 ədəd orta həcmli küp və bardaq, metal əşyalar, çoxsaylı bəzək nümunələri və yanmış sümük qalıqları tapılıb. Tunc və dəmirdən hazırlanan məişət əşyalarına bıçaqları və iynəni, bəzək əşyalarına isə tunc və müxtəlif minerallardan hazırlanan qolbaqları, asma bəzəkləri, muncuqları və s. aid etmək olar.

Ekspedisiya, həmçinin Goranboy rayonu ərazisində yeni kurqanlar qeydə alaraq rayon ərazisində mövcud olan abidələrin siyahısına daxil edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015