AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan tarix elminin parlaq siması Yaqub Mahmudovun 80 yaşı tamam olur
Fev 08, 2019 | 12:00 / Yubileylər
Oxunub 326 dəfə

Fevral ayının 10-da görkəmli tarixçi, Milli Məclisin deputatı, AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun 80 yaşı tamam olur. 

Akademik Yaqub Mahmudov ömrünün yarısından çoxunu Azərbaycan tarixinin araşdırılması, əbədiləşdirilməsi və tədrisinə həsr etmiş görkəmli alimlərimizdən biridir. O, Azərbaycan tarixi ilə yanaşı, dünya və diplomatiya tarixinin də böyük tədqiqatçısıdır. Böyük alim müasir dövrümüzdə də öz məhsuldar elmi fəaliyyəti ilə tarix elminə əhəmiyyətli töhfələr verməkdədir. 

Y.Mahmudov 1939-cu il fevralın 10-da Azərbaycanın qədim və zəngin diyarlarından olan Şəki rayonunun Baş Göynük kəndində anadan olub. O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib və universitetin aspiranturasında təhsil alıb.

Alim 2004-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktorudur. Hazırda Azərbaycan və dünya tarixinin prioritet istiqamətlərində araşdırmaların aparıldığı, mühüm problemlərə həsr olunmuş dissertasiyaların müdafiə olunduğu bu institut respublikada ən mühüm tədqiqat mərkəzlərindəndir.

Y.Mahmudov 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib. Azərbaycan və dünya tarixinə dair 1000-dən çox elmi əsərin müəllifi olan alim böyük bir elmi məkəbin əsasını qoyub. Onun əsərləri Rusiya, İngiltərə, ABŞ, Türkiyə, İtaliya, Misir və digər ölkələrdə işıq üzü görüb.

Tarixçi alimin həyatında onun pedaqoji fəaliyyəti xüsusi yer tutur. Təsadüfi deyil ki, Yaqub müəllim hətta aşağı sinif şagirdlərinin tanıdığı və oxuduğu yeganə alimlərdəndir. Çünki orta məktəb tarix dərslikləri, kitab və kitabçaların əksəriyyəti məhz bu böyük şəxsiyyətin dərin tədqiqatları və unikal bilikləri əsasında ərsəyə gəlib. Buraya 7 və 8-ci siniflər üçün Azərbaycan tarixi, Orta əsrlər tarixi və s. dərslikləri aid etmək olar. O, Azərbaycanın milli dövlətçilik tarixində mühüm rol oynamış Ağqoyunlu və Səfəvi dövlətlərinin xarici siyasəti və diplomatik əlaqələri, diplomatiya tariximiz, Azərbaycanın dövlətçilik ənənələri və intibah mədəniyyətini uzun illər araşdırıb, tədqiqatlar əsasında çoxsaylı əsərlər yazıb.

Görkəmli alim Bakı Dövlət Universitetində Tarix fakültəsinin dekanı kimi də məhsuldar elmi və pedaqoji fəaliyyəti ilə gənc nəslə nümunə olub, yüksəkixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib.

Yaqub müəllimin respublikamızda tarix elminin inkişaf etdirilməsi sahəsində böyük təşkilatçılıq qabiliyyətini xüsusi qeyd etmək lazımdır. O, yalnız Tarix İnstitutunun deyil, respublikanın digər elm və təhsil müəssisələrində çalışan alimləri tarix elminin dinamik inkişafına cəlb etməyə nail olub. Direktor olduğu dövrdə o, keyfiyyətli kadrlar nəsli, o cümlədən tarix elminin müxtəlif istiqamətlərini öyrənən və inkişaf etdirən 40 fəlsəfə və 5 elmlər doktoru yetişdirib. Onların əksəriyyəti hazırda respublikamızın müxtəlif ali məktəblərində, elm və təhsil ocaqlarında çalışır, bəziləri isə ölkə hüdudlarından kənarda fəaliyyət göstərirlər.

Y.Mahmudov həm də Azərbaycan elminin yüksək insani keyfiyyətləri, səmimiyyəti və sadəliyi ilə seçilən, böyük ürəyə sahib nümayəndələrindəndir. Bu haqda söhbət açarkən, xüsusilə onun AMEA-nın əməkdaşları, dərs verdiyi tələbələr və gənclərə olan münasibətini qeyd etmək yerinə düşər. Təbiətcə son dərəcə təvazökar, həm də tələbkar şəxsiyyət olan Yaqub müəllim hər zaman tələbələrinin müstəqil fikirlərinə hörmətlə yanaşaraq onları ruhlandırır, elmə həvəsləndirir və uğurlarına sevinir. O, yüksək bacarıq, təcrübə, intellekt və zəngin dünyagörüşü nümayiş etdirərək gənc kadrların problemlərinə qayğı və diqqətlə yanaşır. 

Görkəmli alim Y.Mahmudovun elmi və ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub. Alim eyni zamanda Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimidir. 2016-cı ildə Y.Mahmudov Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsindəki xidmətlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüb.

Həm doğulub boya-başa çatdığı Şəkinin, həm də bütövlükdə Azərbaycanın qüruru olan böyük alim bu gün də tariximizin öyrənilməsi və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan çalışır. Azərbaycan alimi və ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən bu böyük şəxsiyyət ömrünün 80-ci ilini qeyd edir. Tarixçi alim Yaqub Mahmudovu yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, çətin və şərəfli elm yolunda yaradıcılıq uğurları arzu edirik!

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015