AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Yaqub Mahmudovun “Seçilmiş əsərləri” Milli Kitabxanaya təqdim olunub
Yan 31, 2019 | 11:33 / Yeni nəşrlər
Oxunub 490 dəfə

Yanvarın 30-da AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun 15 cildlik “Seçilmiş əsərləri” və “Yaqub Mahmudov. Biblioqrafiya”sı, eyni zamanda, Tarix İnstitutunun 2018-ci ildə nəşr etdirdiyi kitabların bütöv kolleksiyası Milli Kitabxanaya təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov müasir Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi, akademik Yaqub Mahmudovun zəngin yaradıcılığını əks etdirən, uzun illərin bəhrəsi olan 15 cilddə nəşr edilən “Seçilmiş əsərləri”nin tarix elminə böyük töhfə olduğunu, eyni zamanda gələcək nəsillərin, gənc tarixçilərin, tədqiqatçıların istinadgahına çevriləcəyini söyləyib. Qeyd edib ki, Y.Mahmudov Azərbaycan tarix elmində milli məfkurənin əsasını qoyaraq yeni bir məktəb yaradıb və bu məktəbin nümayəndələri milli ruhda Azərbaycan elminə və dövlətçiliyinə xidmət edən tədqiqatlar, araşdırmalar aparırlar.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında hər zaman tarix elminin taleyüklü məsələlərini araşdıran, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti ilə nəsillərə örnək olan fədakar alim Yaqub Mahmudovun "Seçilmiş əsərləri"nin tariximizlə bağlı həqiqətləri özündə əks etdirən toplu olduğunu söyləyib. O, 15 cildlik külliyyatın 1966-cı ildən başlamış 2017-ci il də daxil olmaqla böyük bir elmi-araşdırma dövrünü - qədim və orta əsrlər Azərbaycan tarixini, Azərbaycan diplomatiyasını, ölkəmizin tarixi əlaqələrini, müstəqillik tariximizi, ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən elmi araşdırmaların yer aldığını bildirib.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxışında Yaqub Mahmudovun ictimaiyyətə təqdim olunan 15 cilddən ibarət “Seçilmiş əsərləri”nin Azərbaycan tarixində xüsusi yeri olduğunu, hər bir əsərində milli maraqlarımızın əks olunduğunu söyləyib.

Milli Məclisin deputatı, professor Fəzail İbrahimli, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Anar İsgəndərov, Milli Məclisin deputatı, professor Elman Nəsirli, Tarix İnstitutunun direktor müavinləri, professor Cəbi Bəhramov, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli çıxış edərək görkəmli alimin geniş araşdırmalarından söhbət açıblar.

 Sonda tədbir iştirakçılarına, Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirən akademik Yaqub Mahmudov çıxışında daim ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan tarixinə yüksək diqqət və qayğının göstərildiyini və Prezident İlham Əliyevin də bu işi uğurla davam etdirdiyini söyləyib. O, rəhbərlik etdiyi institutun 13 əməkdaşının dövlət mükafatına layiq görüldüyünü deyərək, bundan qürur hissi keçirdiyini vurğulayıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015