AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın Elm Tarixi İnstitutunun direktoru Ukrayna Milli Elmlər Akademiyasının 100 illik yubiley medalı ilə təltif olunub
Dek 12, 2018 | 04:01 / Mühüm hadisələr
Oxunub 376 dəfə

Kiyev şəhərində elmi ezamiyyətdə olan AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) 100 illik yubileyi münasibətilə keçirilən Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (BEAA) elmşünaslıq üzrə elmi şuranın iclasında iştirak edib.

UMEA-nın Q.M.Dobrov adına Elmi-Texniki Potensialın Tədqiqi və Elm Tarixi İnstitutunda təşkil olunan tədbirdə M.Seyidbəyli “Ukrayna və Azərbaycan milli elmlər akademiyalarının müasir vəziyyəti: BEAA çərçivəsində görülən işlər və əməkdaşlıq perspektivləri” mövzusunda məruzə edib.

Azərbaycan elminin inkişaf etdiyini, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrildiyini deyən məruzəçi rəhbərlik etdiyi Elm Tarixi İnstitutunun fəaliyyəti barədə ətraflı məlumat verib. M.Seyidbəyli müasir dövrdə elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi kimi məsələlərin xüsusi aktuallıq kəsb etdiyini bildirib.

Tədbir çərçivəsində azərbaycanlı alim UMEA-nın 100 illik yubiley medalı ilə təltif olunub.

M.Seyidbəyli, həmçinin bu elm ocağının 100 illiyi münasibətilə təşkil olunan sərgidə də iştirak edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015