AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Gövhər Baxşəliyeva Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun 200 illik yubiley tədbirində iştirak edib
Noy 01, 2018 | 12:00 / Mühüm hadisələr
Oxunub 1518 dəfə

Oktyabr ayının 29-30-da Moskvada Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutunun 200 illik yubileyinə həsr olunan beynəlxalq elmi konqres keçirilib.

Rusiya Federasiyasının və bir çox xarici ölkələrin görkəmli alimlərinin, ictimai xadimlərinin iştirak etdiyi beynəlxalq konqresdə ölkəmizi AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva təmsil edib.

Tədbirin rəsmi açılış mərasimindən sonra "Rusiya və Şərq: talelərin müştərəkliyi", "Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru", "Şərqşünaslıq elmi bu gün: gələcəyə aparan yollar", "Dünya siyasətində Şərq: yeni imkanlar" və "Şərqin iqtisadiyyatı: inkişafın müxtəlifliyi" mövzuları üzrə sessiyalar təşkil edilib.

“Şərq-Qərb: bəşər sivilizasiyasının birliyinə doğru" adlı sessiyasının moderatorluğu akademik Gövhər Baxşəliyevaya həvalə edilib.

Əvvəlcə azərbaycanlı alim REA-nın Şərqşünaslıq İnstitutunun rəhbərliyini və kollektivini yubiley münasibətilə təbrik edib.

Azərbaycanın Şərq və Qərb mədəniyyətlərini birləşdirən zəngin irsə malik olduğunu deyən G.Baxşəliyeva Bakıda Humanitar forumların keçirildiyini və burada müxtəlif mövzular ətrafında aparılan müzakirələrin mədəniyyətlərarası mübadilələrə müsbət təsir etdiyini vurğulayıb. O, bir neçə gün öncə ölkəmizdə VI Bakı Beynəlxalq Humanitar Forumunun təşkil edildiyini, tədbirdə dünyanın bir çox ölkələrindən gələn nümayəndələrin bəşəriyyəti narahat edən müxtəlif problemlərə, o cümlədən sivilizasiyaların qarşılıqlı əlaqələrinə dair müzakirələr apardığını diqqətə çatdırıb.

Bildirilib ki, Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi var. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və tipoloji paralellər aşkar görünür. Bunu "Gilqameş"ın, "Mahabharata"nın, "Ramayana"nın, "İliada"nın, "Odisseya"nın və digər eposların müqayisəli təhlili əyani şəkildə nümayiş etdirir.

Ellinizm dövründə yunan mədəniyyətinin Şərq mədəniyyətlərinə təsirinin danılmaz olduğunu deyən alim orta əsrlərdə mədəni təsirin istiqamətinin yenə də Şərqdən Qərbə yönəldiyini qeyd edib. Onun sözlərinə görə, barbarların hücumları nəticəsində yunan-rum sivilizasiyası süquta uğradıqdan sonra məhz ərəb-iran mədəniyyəti antik və Avropa Renessans mədəniyyəti arasında vasitəçi olub.

Diqqətə çatdırılıb ki, orta əsrlər hind, Şərqi Asiya, Ön Asiya, Bizans və Qərbi Avropa mədəniyyətlərinin təmas xəttində sərhəd ədəbiyyatı adlanan mədəniyyətlər yaranıb. Bunlardan ən maraqlısı mütəxəssislərin rəyinə görə, ərəb və ispan ədəbiyyatlarının qarşılıqlı əlaqə və təsiri nəticəsində yaranan Əndəlus ədəbiyyatı hesab olunur.

Akademik G.Baxşəliyeva bildirib ki, XIX əsrin 20-ci illərində antik, ingilis, fransız, ispan, fars, hind, çin ədəbiy­yatlarının ən parlaq nümunələri ilə tanış olan Höte ümumdünya ədəbiyyatı konsepsiyasını irəli sürüb. Lakin o zaman bu konsepsiya Avropameylli olmağa məhkum idi, çünki Şərq ədəbiyyatları özünütəcriddən hələ xilas ola bilməmişdi. Yalnız bir qədər sonra, əsasən XIX əsrin ikinci yarısından etibarən ərəb ölkələri Avropanın mədəni təsirinə fəal reaksiya verməyə başlayıblar. "Şərq ölkələrində siyasi və iqtisadi vəziyyətin pisləşməsi, müstəmləkə asılılığı və milli özünəməxsusluğun və bədii ənənələrin itirilmə təhlükəsi mədəni həyatda daha şüurlu mübadiləyə, bəzən isə Qərb təsirinin fəal mənimsənilməsinə yol açıb" - deyə G.Baxşəliyeva qeyd edib.

Daha sonra müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015