AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Britaniyalı alim Azərbaycanda aşkar olunan daş dövrü alətlərini tədqiq edir
Okt 09, 2018 | 09:04 / Konfranslar, iclaslar
Oxunub 24 dəfə

Böyük Britaniyanın Lester Universitetinin əməkdaşı Rupert Börtvizl AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji fondunda daş dövrü alətlərinin müqayisəli analizi və texnoloji istehsal problemləri üzrə xüsusi elmi tədqiqatlar aparır.

Qafqaz regionunda, xüsusilə də Azərbaycan Respublikası ərazisində 250-200 min il əvvəl, aşağı paleolitin son mərhələsindən (son Aşel dövrü) orta paleolitə (Müstye dövrü) keçid dövründə daş alətlər istehsalı texnologiyası inkişafı məsələsi Rupert Börtvizlin əsas tədqiqat obyektidir. Britaniyalı tədqiqatçı əsasən, Arxeoloji Fondda saxlanılan Azıx mağarası, Şişquzey, Qadirdərə və Qayalı (Qazax rayonu) qədim insan düşərgələrinin müvafiq təbəqələrindən tapılmış daş alətləri tədqiqatına cəlb edib.

R.Börtvizl bildirib ki, tədqiqatın əsas hədəfi qədim insanların, əsasən son Heydelberq insan növünün qədim paleolitdən orta paleolitə keçid dövründə davranışı barədə məlumat əldə etmək, bu insan növünün texniki biliklərini təkmilləşdirmə və nəsildən-nəsilə ötürülməsi proseslərinə aydınlıq gətirməkdir: “Unikal coğrafi məkan olaraq Azərbaycanda müvafiq tədqiqatlar ən qədim insanların miqrasiyası, Qafqazda və  Yaxın Şərqdə yaşamış paleolit dövrü insan növləri arasında qarşılıqlı əlaqəni göstərmək imkanındadır”.

Alim sözügedən tədqiqatlarının nəticələrinin Azərbaycanda paleolit dövrünün arxeoloji potensialının dünyada tanıdılmasında müstəsna rol oynayacağını bildirib.

Britaniyalı tədqiqatçıya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktorları - Mənsur Mənsurov və Azad Zeynalov, həmçinin institutun elmi işçisi Yaqub Məmmədov müvafiq dəstəyi göstərirlər.

Qeyd edək ki, R.Börtvizl, həmçinin İngiltərənin "Allen Archaeology Ltd" şirkətinin paleolit dövrü daş alətlər üzrə mütəxəssisi və məsləhətçisi, Böyük Britaniya hökumətinin ölkə vətəndaşları tərəfindən aşkar edilmiş arxeoloji tapıntıların qiymətləndirilməsi üzrə dövlət proqramının daş dövrü üzrə ekspertidir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015