AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunan konfrans öz işini başa vurub
Okt 05, 2018 | 09:01 / Konfranslar, iclaslar
Oxunub 122 dəfə

“Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları Mingəçevir şəhəri yaxınlığında yerləşən Qaraca paleolit düşərgəsinə arxeoloji səfər ediblər.

Abidəni ilk dəfə aşkar etmiş və orada tədqiqatlar aparmış AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d. Azad Zeynalov, Rusiya Elmlər Akademiyasının (REA) Dağıstan Elmi Mərkəzinin baş elmi işçisi, coğrafiya elmləri üzrə fəlsəfə doktoru İdris İdrisov, REA-nın Maddi Mədəniyyət Tarixi İnstitunun (REA MMTİ) Paleolit şöbəsinin baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Sergey Kulakov əldə edilmiş nəticələr haqqında iştirakçılara məlumat veriblər.

Qonaqlar abidədə milyon il əvvələ aid qədim insanlar tərəfindən hazırlanan çoxsaylı daş alətlərə və daşlaşmış ağac qalıqlarına baxış keçiriblər.

Sonra REA MMTİ-nin Eksperimental laboratoriya şöbəsinin baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Yevgeni Girya qədim insanlar tərəfindən daş alətlərin hazılanma üsulunu nümayiş etdirən eksperiment keçirib.

Daha sonra iştirakçılara konfransın yekun qətnamə layihəsi oxunub.

Yekdilliklə qəbul olunmuş qətnamədə konfrans nümayəndələri Qafqazın əsas erkən paleolit abidələrindən biri kimi Azıx mağara düşərgəsinin böyük elmi önəmini yekdilliklə bildirib, son illərdə Azərbaycanda aparılan arxeoloji tədqiqatların səviyyəsini yüksək dəyərləndiriblər.

Həmçinin qətnamədə 2022-ci ildə Azərbaycanda paleolitşünaslığın banisi, professor Məmmədəli Hüseynovun 100 illiyinə həsr olunan beynəlxalq konfransın keçirilməsi təklifi də yer alıb.

Daha sonra Qəbələ Arxeoloji mərkəzində konfrans iştirakçılarına Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən sertifikatlar təqdim olunub. Həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən konfrans iştirakçılarına Qəbələdə aparılmış arxeoloji tədqiqatları əks etdirən nəşrlər və video-materiallar hədiyyə edilib.

Qeyd edək ki, oktyabrın 5-də işini yekunlaşdıran konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015