AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
“Qafqaz: tarix, çağdaş dövr, gələcək” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Sen 27, 2018 | 10:03 / Konfranslar, iclaslar
Oxunub 170 dəfə

Sentyabrın 27-də "Hyatt Regency" otelində “Qafqaz: tarix, çağdaş dövr, gələcək” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Türkiyə Respublikasının Türk Tarix Qurumu (TTQ) və Strateji Düşüncə İnstitutunun (SDİ) birgə təşkilatçılığı, AMEA Tarix İnstitutunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və dünyanın digər ölkələrindən olan tanınmış alim və mütəxəssislər iştirak ediblər.

Əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Konfransı giriş sözü ilə açan SDİ-nin rəhbəri, Dr. Məhəmməd Savaş Kafkasyalıbeynəlxalq tədbirin Qafqazın tarixinin dərindən öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra o, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Tarix İnstitutu ilə SDİ arasında əməkdaşlığa dair imzalanan müqaviləni xatırladan alim sənədə əsasən, Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixindəki strateji əhəmiyyətli problemlərin müəyyən edildiyini və bu istiqamətdə birgə tədqiqatların aparıldığını deyib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliAzərbaycan-Türkiyə qardaşlığının, dostluğunun dünya üçün nümunə olduğunu bildirib. İki ölkə arasında münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edən alim ulu öndərin “Bir millət – iki dövlət” ifadəsini xatırladıb. O, Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətlə inkişaf etdiyini və bu gün dövlətlərimizin başçılarının timsalında daha da gücləndiyini vurğulayıb. Bildirib ki, bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən parad Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi. AMEA-nın vitse-prezidenti, həmçinin iki ölkənin bütün məsələlərdə eyni mövqedən çıxış etdiyini, beynəlxalq təşkilatlarda daim bir-birinə dəstək verdiyini qeyd edib.

Beynəlxalq konfransın elmi-siyasi və strateji əhəmiyyət daşıdığını deyən akademik İ.Həbibbəyli tədbirin fikir və təcrübə mübadiləsi, əlaqələrin genişləndirilməsi baxımından da önəmini vurğulayıb. Bildirib ki, ölkələrimizin elmi qurumlarının birgə təşkilatçılığı ilə keçirilən bu kimi konfranslar Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir.

Diqqətə çatdırılıb ki, Qafqaz dünyanın bir çox dövlətlərinin diqqət mərkəzində və maraq dairəsində olan həssas siyasi duruma malik regiondur. Qafqaz regionu, eyni zamanda, terror hadisələri ilə, risklər və təhdidlərlə doludur. Tədbir bu problemlərin dərindən araşdırılması, bölgədə cərəyan edən hadisələrin öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi əsaslandırılmış proqnozların verilməsi baxımından əhəmiyyətlidir. Həmçinin Qafqazdakı münaqişələrin öyrənilməsi də konfransın diqqət mərkəzindədir. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması geniş mənada regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər.

Akademik İ.Həbibbəyli Qafqazdakı münaqişələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xüsusi yer tutduğunu və dünya alimlərinə də mənfur qonşularımızın “Böyük Ermənistan” xülyalarını irəli sürmək məsələlərinin məlum olduğunu bildirib. Qeyd edib ki, tədbirdə bütün bu kimi məsələlər geniş müzakirə olunacaq.

AMEA-nın vitse-prezidenti akademiyada Qafqazşünaslıq İnstitutunun yaradıldığını, bu müəssisədə Azərbaycan tarixi, eləcə də Qafqaz regionu ilə bağlı elmi tədqiqatların aparıldığını, beynəlxalq forumların keçirildiyini diqqətə çatdırıb.

Daha sonra TTQ-nin sədri, professor  Rəfiq Turan çıxış edərək Qafqaz regionundakı xalqların özünəməxsus xüsusiyyətlərə, ortaq köklərə, oxşar mədəniyyətə malik olduğunu qeyd edib. Vurğulayıb ki, bu bölgənin zənginliyinin əsas səbəblərindən biri böyük tarixə malik olması və müxtəlif vaxtlarda insanların buraya köçmələridir.

Qafqaz regionunun zənginləşməsində türk xalqlarının önəmindən danışan türkiyəli professor türklərin müxtəlif vaxtlarda bölgədəki əhəmiyyətli rollarından söhbət açıb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov isə çıxışında Qafqazın böyük tarixə malik və dünyaya örnək olacaq bir region olduğunu vurğulayıb. Bildirib ki, müstəqil Azərbaycan dövləti Qafqazda sülhün, sabitliyin bərqərar olması üçün ciddi addımlar atır. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə araya-ərsəyə gətirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri iqtisadi əhəmiyyəti ilə yanaşı, Qafqaz xalqları arasında münasibətlərin formalaşmasına da mühüm töhfələr verməkdədir.

Y.Mahmudov qeyd edib ki, bu tədbiri keçirməkdə əsas məqsəd dünyanın diqqətini Qafqazdakı münasibətlərə yönəltməkdir. Həmçinin ermənilərin bir əsrdən çox müddətdə müxtəlif bölgələrdə törətdikləri soyqırımlarının, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaratdıqları uydurmaların əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqdır.

Konfransda müzakirə ediləcək məsələlərin aktual olduğunu deyən alim bildirib ki, region tarixçilərinin, xüsusən də qafqazşünasların bölgədəki vəziyyətin, qloballaşmanın öyrənilməsində rolları böyükdür. Bu tədbir bizə gələcəkdə birgə işləmək, əlaqələrimizi möhkəmləndirmək baxımından böyük üstünlüklər verəcək.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və başqaları çıxış edərək Qafqaz regionunda cərəyan edən proseslər, ermənilərin geosiyasi iddiaları və digər məsələlər barədə müzakirələr aparıblar.  

Konfransda Azərbaycan tarixçilərinin “Qafqaz tarixində Azərbaycan Albaniya dövlətinin yeri və rolu”, “Qafqaz tarixində miqrasiya prosesləri: kimmerlər, iskitlər və saklar”, “Qafqaz tarixində Dərbənd”, “Arxiv sənədlərində Azərbaycanın əhalisi (XVIII – XIX əsrin əvvəlləri)”, “Çar Rusiyasının Cənubi Qafqazda erməni dövləti yaratmaq siyasəti”, “XX əsrin əvvəllərində Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı soyqırımları”, “Bolşevik Rusiyasının türk dünyasını parçalamaq siyasəti və Qərbi Zəngəzurun ermənilərə verilməsi”, “Azərbaycanın tarixi taleyində neft problemi” və digər mövzularda məruzələri dinlənilib.

Beynəlxalq konfrans “Tarix və mədəniyyət”, “Siyasət”, “İqtisadiyyat”, “Keçmişdən günümüzə: Qafqazın tarixində regional məsələlər” və “Qafqazın gələcəyi” bölmələri üzrə işini davam etdirib.

Tədbirə sentyabrın 28-də yekun vurulacaq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015