AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Şahin Mustafayev Qazaxıstanda keçirilən beynəlxalq təbirdə iştirak edib
İyn 20, 2018 | 11:00 / Mühüm hadisələr
Oxunub 88 dəfə

Qazaxıstanın Almatı şəhərində UNESCO-nun Almatı klaster bürosu və Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması Mərkəzi tərəfindən “Böyük İpək Yolu üzərində Mərkəzi Asiya: antik dövrdən müasir zamana qədər mədəniyyətlərin və dinlərin dialoqu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirin əsas məqsədi tarixi coğrafiya, Mərkəzi Asiya xalqlarının tarixində urbanizasiya və köçərilik, əhalinin miqrasiyaları və mədəni genezis, türk xalqlarının mənəvi, dini və mifoloji irsi, Mərkəzi Asiya ölkələrinin mədəni mirasının qorunması və tarixi-mədəni abidələrinin UNESCO-nun dünya irsi siyahısına daxil edilməsi problemləri və istiqamətləri üzrə müzakirələrin aparılması olub. 

Konfransın işində 20 ölkənin nümayəndələri, o cümlədən ABŞ, Rusiya, Yaponiya, Qırğızıstan, Ukrayna, Özbəkistan, Çin, Tacikistan və digər ölkələrin alimləri iştirak ediblər. Azərbaycanı bu beynəlxalq tədbirdə AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. Konfransda “Oğuz genealoji mifləri tarixi yaddaşın əksi kimi” mövzusunda məruzə ilə çıxış edən alim qədim dövrlərdən etbarən türk xalqlarının tarixi özünüdərk prosesində genealoji miflərin və şəcərələrin, o cümlədən yazılı ədəbiyyatda əksini tapmış “Oğuznamə” ənənələrinin əhəmiyyətindən bəhs edib.

Akademik Ş.Mustafayevin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015