AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Azərbaycan Xalq Cümhuriyyəti – 100: varislik və müasirlik” mövzusunda elmi konfrans keçirilib
May 21, 2018 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 172 dəfə

AMEA-nın Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan “Azərbaycan Xalq Cümhuriyyəti – 100: varislik və müasirlik” adlı elmi konfrans keçirilib.

Tədbiri institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq konfransın Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladan İ.Məmmədzadə qeyd edib ki, AXC çətin tarixi şəraitdə müstəqillik qazanıb. Qısa müddətdə ölkənin parlamenti, hökuməti formalaşdırılıb, bayrağı, himni və gerbi yaradılıb, o cümlədən ana dili dövlət dili elan olunub.

Alim AXC-nin xalq hakimiyyəti və insanların bərabərliyi prinsipini əsas götürdüyünü, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdığını, müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququ verdiyini söyləyib.

AXC-nin zəngin dövlət quruculuğu təcrübəsi ilə tariximizdə silinməz izlər qoyduğunu deyən İ.Məmmədzadə Cümhuriyyətin yaranmasının xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdiyini, ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratdığını bildirib. O, müasir Azərbaycan Respublikasının AXC-nin hüquqi, siyasi varisi olduğunu və onun demokratik ənənələrini yaşatdığını diqqətə çatdırıb.

Alim, həmçinin AXC-nin yaranmasının insanların düşüncəsinə təsiri, eləcə də Cümhuriyyətin süqutunun fəlsəfə aspektləri istiqamətində araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.

Daha sonra konfransda Milli Məclisin deputatı, siyasət üzrə elmlər doktoru, professor Elman Nəsirovun "Azərbaycan Xalq Cümhuriyyəti: ənənə və varislik", Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə dair", Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadənin "Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda sovetlərə qarşı gizli istiqlal mübarizəsi" mövzusunda məruzələri dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015