AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
“Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının təqdimatı olub
May 03, 2018 | 11:00 / Yeni nəşrlər
Oxunub 218 dəfə

Mayın 3-də Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.

M.F.Axundzadə adına Milli Kitabxanada təşkil olunan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev haqqında yenidən tərtib edilən bu fundamental biblioqrafiyaya son 10 ilin materialları əlavə edilib. Kitaba alimin bu illərdə Azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə çap olunmuş kitabları, elmi konqres, sessiya, konfrans materiallarında və dövri mətbuatda dərc edilmiş elmi publisistik məqalələri, çıxışları və müsahibələri daxil edilib.

Tədbirdə Azərbaycan Dillər Universitetin rektoru, akademik Kamal Abdullayev “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çap olunmuş kitabın böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu təkcə kitab haqqında tədbir deyil, bütövlükdə kitablar haqqında kitabla bağlı tədbir olduğu üçün ikiqat məna kəsb edir. “Bu nəşrdə akademik Ramiz Mehdiyevin görkəmli elm və dövlət xadimi kimi bütövlükdə obrazı öz əksini tapıb. Bu kitab təkcə Ramiz müəllimin əsərlərinin adanın çəkildiyi məcmuə deyil, bu, analitik bir tədqiqat işidir, akademikin çox şaxəli və dərin mahiyyətə malik yaradıcılığına bir baxışdır. Onun Azərbaycan fəlsəfə tarixinə, Azərbaycan cəmiyyətşünaslıqına zaman-zaman verdiyi töhfələri araşdıran, qruplaşdıran bir tədqiqatdır. Burada akademikin yazdığı əsərlərlə yanaşı, həm də onun haqqında və əsərləri barədə yazılanlar da öz əksini tapıb. Bu əsər faktiki olaraq bir salnamədir, bir dövrün salnaməsidir. Azərbaycanı qeyri-müstəqillikdən müstəqilliyə keçid dövrünün həm mənəvi, həm mədəni, həm də ictimai salnaməsidir. Bir şəxsin timsalında biz bu keçidin ən müxtəlif təzahür formalarını görürük. Biz bütün bunlarla tanış olduqdan sonra Ramiz Mehdiyevin gördüyü işlərə təəccüblənməyə bilmirik. Həqiqətən də titaniq bir zəhmət nəticəsində Ramiz müəllim əsl elm fədaisi kimi, dövlət qulluqçuluğunda çalışan şəxsiyyət kimi çox böyük və möhtəşəm uğurlara imza atıb. Ulu Öndərin Azərbaycan üçün müəyyənləşdirdiyi yolun sabiq və ləyaqətli davamçısı olan Ramiz Mehdiyev bu gün də Prezident İlham Əliyevin yanında onun silahdaşı kimi quruculuq işləri ilə məşğuldur”.

“Ramiz Mehdiyev. Biblioqrafiya” kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən Kamal Abdullayev deyib ki, nəşr ali məktəblərdə, akademiyanın institutlarında öyrəniləcək və tədqiq olunacaq.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov deyib ki, Ramiz Mehdiyev haqqında ilk biblioqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), AMEA-nın Mərkəzi Elmi Kitabxanası və M.F.Axundzadə adına Respublika Milli Kitabxanası tərəfindən Azərbaycan, rus və ingilis dillərində tərtib edilib. Azərbaycan Milli Kitabxanası tərəfindən yenidən tərtib olunan bu fundamental elmi biblioqrafiya daha da təkmilləşdirilərək son on ilin materialları əlavə olunub.

Bildirilib ki, filosof alimin həyat və geniş ictimai-siyasi fəaliyyətini işıqlandırmaq məqsədilə göstəricidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Görkəmli dövlət xadimi və cəmiyyətşünas alim” adlı “Ön söz”ü verilib. “Azərbaycanın dövlət, elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində akademiklərdən - Akif Əlizadə, Mahmud Kərimov, Arif Mehdiyev, Asəf Nadirov, Bəkir Nəbiyev, Ağamusa Axundovun və digər görkəmli alim və ictimai-siyasi xadimlərin fikirləri, mülahizələri öz əksini tapıb. “Əsərlərin biblioqrafiyası” bölməsində akademik Ramiz Mehdiyevin kitabları, elmi məqalələri əhatə olunub, bəzi informasiya xarakterli materiallar biblioqrafiyaya salınıb.

Görkəmli alimin əsərləri və haqqında olan materiallar “Həyatı və elmi-ictimai fəaliyyətinin əsas tarixləri”, “Redaktoru, elmi məsləhətçisi və buraxılışına məsul olduğu nəşrlər” və “Həyatı, ictimai-siyasi fəaliyyəti, əsərləri haqqında” adlı bölmələrdə yer alıb. Biblioqrafik vəsaitdə ilk dəfə olaraq dünyanın 30-dək Milli Kitabxanasında akademikin əsərləri toplanılıb. Biblioqrafiyaya daxil edilmiş materiallar xronoloji ardıcıllıqla verilib, daxildə isə əlifba sırası ilə qruplaşdırılıb.

Sonra tədbir iştirakçılarına Ramiz Mehdiyev haqqında hazırlanmış elektron məlumat bazası təqdim edilib.

Tədbir “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabına həsr olunmuş müzakirələrlə davam edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015