AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şəki-Balakən bölgəsinin alban abidələrinə həsr olunan tədbir keçirilib
Mart 05, 2018 | 09:00 / Konfranslar, iclaslar
Oxunub 234 dəfə

AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən “Şəki-Balakən bölgəsinin alban abidələri“ mövzusunda mühazirə təşkil edib.

ŞREM-in rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü tədbirdə mərkəzin elmi işçiləri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müəllim və tələbələrinin, rayon ziyalılarının iştirak etdiklərini deyib.

Sonra ŞREM-in Tarixi irs və etnoqrafiya şöbəsinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Azərbaycanın dövlətçilik tarixində Albaniyanın yeri, rolu, siyasi coğrafiyası, tarixi, mədəni izləri barədə geniş məlumat verib. Vurğulanıb ki, Cənubi Qafqazda albanlar xristianlığı erməni və gürcülərdən 270 il əvvəl qəbul ediblər. Tarixçi alim Alban həvari (Apostol) kilsəsinin canlı şahidi olan Kiş və Azərbaycanın şimal-qərb bölgəsində erkən xristianlıq dövrünə aid 100-dən çox alban məbədi haqqında məlumat verib. A.Məmmədli deyib: “Bu abidələr bizim milli kimliyimizdir. Onları daim öyrənməyin, təbliğ etməyin bugünkü və gələcək nəsillər üçün əhəmiyyəti böyükdür”. A.Məmmədli müəllifi olduğu “Azərbaycanın şimal-qərb bölgəsinin tarixi abidələri” elmi əsərində alban məbədlərinin tədqiq etdiyini vurğulayıb. Bir çox qonşu dövlətlərin, tədqiqatçı alimlərinin zaman-zaman müasir Azərbaycandakı alban məbədlərinə sahib çıxmaq iddialarının əsassız olduğunu faktlarla diqqətə çatdırıb.

Professor Fərudin İbrahimov, ADPU-nun Şəki filialının humanitar fənlər kafedrasının müdiri, dosent Vüsal Baxışov, dosent Həbibullah Manaflı, ŞREM-in tarixi irs və etnoqrafiya şöbəsinin rəhbəri Rahim Həsənov və başqaları tutarlı elmi dəlillərə söykənən tarixi əsərlərin yazılmasının, əhali arasında maarifləndirmə işinin aparılmasının, bu abidələrə turist marşrutlarının açılmasının, bölgələrmizdəki abidələrə sahib çıxmağın vacibliyini vurğulayıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015