AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşrləri işıq üzü görüb
Yan 26, 2018 | 12:00 / Yeni nəşrlər
Oxunub 698 dəfə

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşrləri çapdan çıxıb.

"Elm" nəşriyyatında işıq üzü görən "İslam hüququ (insan hüquqları kontekstində)" adlı kitabın müəllifi institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə və elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru, professor Nazim Cəfərlidir.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Məsumə Məlikova, rəyçiləri - akademik Vasim Məmmədəliyev və hüquq üzrə elmlər doktoru X.İsmayılovdur.

Nəşrdə şəriət və fiqh elminin mahiyyəti, əsas xüsusiyyətləri, İslamın meydana gəlməsi ərəfəsində Ərəbistanda ictimai münasibətlərin tənzimlənməsinin vəziyyəti, həmçinin İslamın meydana gəlməsi ilə insan hüquq və azadlıqlarının təminatı sahəsində baş verən köklü dəyişikliklər tədqiq və təhlil edilir. Habelə, İslam hüquq sahəsində görkəmli alimlərin şəriətə və fiqhə dair əsərlərinin şəriətin və fiqhin formalaşmasında rolu və əhəmiyyəti dəyəndirilməklə sistemləşdirilir. Bundan əlavə, İslam hüququna əsaslanan beynəlxalq və regional hüquqi sənədlər insan haqları baxımından şərh olunur.

Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşrlərindən biri də "Tibb hüququ" adlı dərs vəsaitidir.

"Elm" nəşriyyatında çap olunan kitabın müəllifi institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə və müəssisənin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Zamiq Aslanovdur.

Vəsait Azərbaycan Respublikasının qüvvədə olan yeni qanunvericiliyi, hüquq nəzəriyyəsi əsasında və səhiyyə sahəsində bir çox təcrübəli problemlər nəzərə alınaraq hazırlanıb. Təqdim olunan dərs vəsaitində müasir dövrdə ölkəmizdə tibbi fəaliyyətin hüquqi tənziminin və əhalinin sağlamlığının qorunması xüsusiyyətləri işıqlandırılıb, tibb hüququnun ümumi xarakteristikası, tibbi fəaliyyət kontekstində insanın yaşamaq hüququ, pasiyentlərin hüquqları, tibb işçiləri və həkimlərin hüquqları və digər məsələlər nəzərdən keçirilir.

"İşğal olunmuş Azərbaycan torpaqlarında tarixi və mədəniyyət abidələrinə zədə yetirilməsi" adlı yeni kitabın ideya müəllifi Faiq İsmayılov, məsləhətçiləri - hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə və Günay Əfəndiyeva, elmi redaktoru isə Lalə Əhmədovadır.

Nəşrdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və mədəniyyət abidələrin dağıdılmasının səbəbləri tədqiq edilir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015