AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Horizon 2020 layihəsinin illik yekunlarına həsr edilmiş iclas keçirilmişdir
Dek 29, 2017 | 11:56 / Konfranslar, iclaslar
Oxunub 926 dəfə

Dekabrın 29-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Təhsil və beynəlxalq əlaqələr şöbəsi”ndə Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsinə həsr olunmuş yığıncağ keçirilmişdir.

Qeyd edək ki, layihədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları — tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, tarix üzrə fəlsəfə doktoru  Xaqani Alməmmədov, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərov, Pərviz Qasımov, Orxan Zamanov və həmçinin, A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları — tarix üzrə elmlər doktoru, professor İradə Bağırova və tarix üzrə fəlsəfə doktoru  Nərgiz Faiq qızı Axundova iştirak etmişlər.

Bu layihədə 12 ölkə (Avstriya, Yunanıstan, Rumıniya, Makedoniya, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistan) təmsil olunur. Layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans adına Qrats Universitetinin (Karl-Franzens-Universität Graz) Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Layihə 2017-ci ilin yanvar ayından başlayıb 4 il müddətində davam edəcəkdir.

Toplantıda 2017-ci ildə layihə üzrə görülmüş işlərin yekünları müzakirə edildi. Zaur Həsənov qeyd etmişdir ki, layihədə AMEA-nın iki İnstitutu və 10 əməkdaşı iştirak edir. Layihənin ilk mərhələsi 2017-ci ilin yanvar ayının 14-də Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetində başlanıldı. Bu zaman layihə ilə bağlı ilk texniki və nəzəri seminar keçirildi. Seminarı professor Karl Kayzer və onun kafedrasının əməkdaşı doktor Dominik Gutmeyr aparırdılar. Bu seminarda Zaur Həsənov iştirak etmişdir. 

2017-ci ilin sentyabrın 29-da və 30-da layihənin ikinci seminarı və bilik mübadiləsi probleminə həsr olunmuş birinci konfransı Karl və Frans adına Qrats Universitetində keçirildi. Bu tədbirlərdə Zaur Həsənov və İradə Bağırova iştirak etmişlər. Konfransda Zaur Həsənov “E.ə. I minillikdə Qafqaz, Qara dəniz və Mərkəzi Avropa bölgələri arasında biliyin mübadiləsi” adlı məruzə ilə çıxış etmişdir. Böyük marağa səbəb olmuş çıxışdan sonra Zaur Həsənov konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır. Professor İradə Bağırova həmin konfransda “Qara dəniz bölgəsində erkən elmi və fəlsəfi düşüncə” bölümünün moderatoru qismində iştirak etmişdi.

2017-ci il ərzində layihə çərçivəsində AMEA əməkdaşları 12 ay ezamiyyətdə olmuşlar. İyun ayından etibarən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları t.ü.f.d. Zaur Həsənov və Orxan Zamanov Avstriyanın Karl və Frans ad.  Qrats Universitetində öz ezamiyyətlərini başlamışlar. İyul və avqust aylarında Ş.Rustaveli ad. Batumi Dövlət Universitetində AMEA-nın daha 7 əməkdaşından ibarət heyətinin elmi ezamiyyəti gerçəkləşdi. Bu heyətə Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları — t.ü.f.d. Səfər Aşurov, t.ü.f.d. Fərhad Quliyev, t.ü.f.d. Xaqani Alməmmədov, t.ü.f.d. Valeh Ələkbərov, Pərviz Qasımov və həmçinin, A.A.Bakıxanov ad. Tarix İnstitutu əməkdaşları — tarix üzrə elmlər doktoru İradə Bağırova və t.ü.f.d. Şamil Rəhmanzadə daxil idilər.

2017-ci il ərzində layihənin iştirakçıları tərəfindən aşağıdaki mövzular araşdırılıb.

1) Zaur Həsənov – E.ə. I minillikdə Qafqaz, Qara dəniz və Avropa bölgələri arasında əlaqələr: Yazılı və arxeoloji mənbələr əsasında.

2) Zaur Həsənov, Orxan Zamanov, Xəqani Alməmmədov – 1945-ci ildən 1992-ci ilə qədər Azərbaycan, Şimali Qara dəniz hövzəsi və Avropa arasında arxeologiya sahəsində akademik biliyin mübadiləsi.

3) Səfər Aşurov, Fərhad Quliyev, Pərviz Qasımov, Valeh Ələkbərov – Müstəqillik dövründə Azərbaycan arxeoloqlarının Avropa, Türkiyə və ABŞ arxeoloqları ilə birgə tədqiqatları. Müasir Azərbaycan arxeologiyasında bilik mübadiləsi.

4) İradə Bağırova – 18-ci əsrin sonundan 20-ci əsrin əvvəlinə kimi Azərbaycan, Şimali Qara dəniz hövzəsi və Avropa arasında bilik mübadiləsi.

            Qeyd edək ki, Nərgiz Axundova layihəyə yeni qatıldığından öz tədqiqatlarına 2018-ci ildən etibarən başlayacaq. 

Ezamiyyətlər dövründə AMEA-nın layihə iştirakçıları Karl və Frans ad. Qrats Universitetinin və Ş.Rustaveli ad. Batumi Dövlət Universitetinin müasir təchizata və zəngin ədəbiyyata malik kitabxanalarında elmi araşdırma aparmış və çoxlu faktiki materiallar toplamışlar. Həmçinin, avstriyalı və gürcüstanlı həmkarları ilə elmi mübadilə xarakterli görüşlərdə iştirak etmiş, layihə çərçivəsində elmi tədqiqat mövzuları ilə əlaqədar araşdırmalar aparmış, arxeoloji abidələrə baxış keçirmiş, öz elmi tədqiqatları ilə bağlı yeni nəşrlərlə tanış olmuş və Avropa alimlərinin iş metodikası ilə maraqlanmışlar.

           

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015