AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-da görkəmli iqtisadçı alim Aqil Əliyevin 90 illiyinə həsr olunan konfrans keçirilib
Dek 22, 2017 | 11:18 / Konfranslar, iclaslar
Oxunub 510 dəfə

Dekabrın 22-də AMEA-nın Əsas binasında İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli iqtisadçı alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.

Tədbirdə İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim İmanov iqtisadçı alim Aqil Əliyevi mahir pedaqoq, bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm də qayğıkeş insan kimi xarakterizə edib. Bildirib ki, Aqil Əliyev səmərəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib. 

Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Aqil Əliyevin yetirməsi Natiq Qasımov görkəmli alimin həyat və elmi-pedaqoji fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Bildirib ki, məhsuldar elmi tədqiqatlarla məşğul olan A.Əliyev uzun müddət Azərbaycan Tibb Universitetində siyasi iqtisadiyyatdan mühazirələr oxuyub, kafedra müdiri vəzifəsində çalışıb. Onun tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub.

Qeyd olunub ki, professor Aqil Əliyevin yetişdirdiyi alimlər hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrində, ali məktəblərdə, tədqiqat institutlarında uğurla fəaliyyət göstərirlər.

N.Qasımov iqtisadçı alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyib, onun 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü, “Şöhrət” ordeni və bir sıra digər dövlət mükafatları ilə təltif olunduğunu xatırladıb.

Tədbirdə çıxış edən İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor Rəna Sultanova görkəmli alimin gənc tədqiqatçılara daim dəsək olduğunu, onun bu sahədə elmi məktəb yaratdığını vurğulayıb. Bildirib ki, Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiqinə xidmət edir.

Daha sonra İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor İsa Alıyev çıxış edərək görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

Sonda Aqil Əliyevin ailə üzvləri adından çıxış edən Etibar Qasımov alimin 90 illiyinə həsr olunan tədbirin təşkilinə görə AMEA-nın rəhbərliyinə və İqtisadiyyat İnstitutunun kollektivinə təşəkkürünü bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015