AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib
Dek 21, 2017 | 11:14 / Konfranslar, iclaslar
Oxunub 490 dəfə

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun və DİA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bu ali təhsil ocağının rektoru, akademik Urxan Ələkbərovümummilli lider Heydər Əliyevin tarix elmi qarşısında mühüm xidmətlərindən söz açıb, ulu öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb.

U.Ələkbərov bu gün əldə edilən nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını bildirib, bu strategiyanın reallaşdırılmasında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb.

Sonra çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovbildirib ki, rəhbərlik etdiyi elm müəssisəsinin elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

“Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir” – deyən institut direktoru məhz dövlətimizin başçısının qayğısı sayəsində son illərdə Tarix İnstitutunda 400-dək tədqiqat əsərinin işıq üzü gördüyünü qeyd edib.

Y.Mahmudov 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı” fəxri adının verildiyini diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq İlham Əliyevin prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Onun sözlərinə görə, bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir.

Daha sonra Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov diqqətə çatdırıb ki, Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycanda təşkil olunan mötəbər beynəlxalq tədbirlər, ölkəmizin dünyaya inteqrasiyası istiqamətində atılan addımlar və əldə olunan nailiyyətlər respublikamızın, əsl mənada, inkişaf dövrü yaşamasının bariz göstəricisidir.

Elçin Əhmədov AMEA-nın 70 illik yubileyində Prezident İlham Əliyevin çıxışını xatırladaraq dövlətimizin başçısının Azərbaycan tarixinin yenidən yazılması ilə bağlı ortaya qoyduğu siyasi iradənin təqdirəlayiq olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin Tarix İnstitutunun İrəvan tarixi ilə bağlı obyektiv araşdırmalarını və bu araşdırmaların xarici dillərə tərcümə olunmasını alqışladığını diqqətə çatdırıb.

Konfrans çərçivəsində ölkə başçısının təşəbbüsü ilə Tarix İnstitutunda çap olunan elmi əsərlərin təqdimatı və 1000-dək kitabın sərgisi olub.

Yaqub Mahmudov institutun nəşrlərini Qarabağ Araşdırmalar Mərkəzinə və DİA-nın elmi kitabxanasına hədiyyə edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015