AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Misirli alimlər AMEA-nın Şərqşünaslıq İnstitutunda olublar
Dek 21, 2017 | 11:04 / Görüşlər
Oxunub 676 dəfə

Misirin Süveyş Kanalı Universitetinin professoru Əbdülrəhim əl-Kurdi, məşhur xəttat Mustafa Məhəmməd Öməri və Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşdə qonaqlara müəssisənin tarixi, strukturu və elmi fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Rəhbərlik etdiyi qurumda ərəbşünaslıq sahəsində mühüm tədqiqatların aparıldığını deyən G.Baxşəliyeva İslam dünyası ilə əlaqələrinin möhkəmlənməsində Misir Mədəniyyət Mərkəzinin xüsusi rolu olduğunu söyləyib.

Sonra professor Əbdülrəhim əl-Kurdi çıxış edərək ərəb dilinin tarixindən danışıb, ərəb əlifbasının kompüterlərdə istifadəsinin çətinlikləri və özünün bu istiqamətdə beynəlxalq miqyasda fəaliyyətini diqqətə çatdırıb.

Tədbirdə Mustafa Məhəmməd Öməri xəttatlıq barədə söhbət açıb, Şərqşünaslıq İnstitutunun adını xüsusi şəkildə yazaraq müəssisəyə təqdim edib. Görüşdə M.M.Ömərinin digər xəttatlıq işləri də nümayiş olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015