AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
Azərbaycanlı alim Zaur Həsənov Altayda Skif kurqanının qazıntısında iştirak edib
Sen 26, 2017 | 02:14 / Konfranslar, iclaslar
Oxunub 160 dəfə

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsən oğlu Həsənov 2017-ci ilin avqust və sentyabr aylarında Qazaxıstanın Altay vilayətində yerləşən Skif-Sakların zadəganlarına məxsus olan Berel arxeoloji abidəsindəki qazıntılarda iştirak edib.

Proyektin rəhbəri dünyada tanınmış, görkəmli Qazaxıstan arxeoloqu, Almaniya Arxeoloji İnstitutunun müxbir üzvü Zaynolla Samaşevdir. Abidə Şərqi Qazaxıstan vilayətinin Katon-Karağay rayonuna, Berel kəndinə 8 kilometr yaxınlığında, Rusiya və Çinlə sərhəddə yerləşir. Berel kurqanları Qazaxıstanın simvollarından biridir.

Burada son 20 il ərzində Skif hökmdarının və zadəganlarının mumiyalaşdırılmış qalıqları, 100-ə qədər tam təntənəli geyimdə olan at dəfni tapılıb. Onların başlarında buynuzlu maskalar olub. Bundan əlavə minlərlə Skif-Saka heyvanat üslubunda düzəldilmiş yüksək sənət əşyaları da tapılıb. Bunlar torpağın donmuş səthi nəticəsində saxlanılıb. Bu Skif kurqanlarının təxminən 2500 il yaşı var. Berel qəbirstanlığında Alman, Fransız və Rusiya alimlərinin iştirakı ilə tədqiqatlar 1998-ci ildən başlayaraq Zaynolla Samaşevin başçılığı altında bu günə qədər davam edir. Bu il Bereldə Qazaxıstan arxeoloqlarından başqa Sankt Peterburqdan tanınmış skifşünas Rusiya Elmlər Akademiyasının Maddi Mədəniyyətin Tarixi İnstitutunun əməkdaşı professor Nikolay A. Bokovenko və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Zaur Həsənovla yanaşı, qazıntılarda Qazaxıstanın A.Marqulan adına Arxeologiya İnstitutunun və S.Amanjolov adına Şərqi-Qazaxıstan Universitetinin 30-a yaxın əməkdaşı və tələbələri da iştirak edib.

Tədqiqat zamanı skiflərin Pazırık mədəniyyətinə məxsus olan Berel qəbirstan­lığının 5 №-li kurqanı qazılıb. Bu tipli Pazırık kurqanları Rusiya Altayında 20-ci əsrin ortalarında da qazılıb. Bereldə bu il qazılan 5 №-li kurqan daş örtüklü, dairəvi formada, uzunluğu 25 m. hundürlüyü isə 3 m. yaxın idi. Kurqan iki dəfə qarət edilib. Daş örtüyün orta hissəsi təmizlənəndən sonra orada dəfn kamerası tapılmışdı – 4,5х3,2 m. Kameranın qərb və cənub divarlarında qarət edənlərin qazdığı yollar görsənib. Dəfn kamerası torpaqla örtülüb və kamerada, 3,5 metr dərinlikdə, ağaç qabıqları ilə örtülmüş iki at dəfni və ağaçdan düzəldilmiş zadəgan dəfn yeri aşkar edilib. 113 ədəd qalan bəzəklərdən 8-i iri ölçülü idi. Bu bəzəklərin üzərində maral və vəhşi heyvanlar təsfir edilib.

Zaur Həsənov Berel nekropolunda aşkar edilmiş bizim eranın 4-cü və 5-ci əsrlərinə aid sənbi-jujan tayfalarına məxsus qəbirstanlığın arxeoloji qazıntılarında iştirak edib. Qəbirlər kiçik ölçülü daş örtüklu olub. Örtüyun altında bəziləri torpaq, bəziləri isə daş qutu tipli qəbirlər də aşkar edilib Qazıntı zamanı qəbirlərdə kişi, qadın və at dəfnləri aşkar edilib. Bəzi qəbirlərdən yayın sümükdən düzəldilmiş hissələri, gümüş bəzəklər, kiçik daş buludlar tapılıb.

Tədqiqatçının qeyd edib ki, Altayda bu arxeoloji materialların öyrənilməsi Azərbaycan elmi üçün çox vacibdir. Altayda skiflərin, hunların, sənbi-jujan və Türk Xaqanlığının arxeoloji abidələri bir-birindən sonra ardıcıllıqla təqdim olunub. Tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun fikrinə əsasən bu abidələrin Altayda öyrənilməsi bizə imkan verə bilər ki, eyni tipli abidələri Azərbaycanda aşkar edək və türk xalqlarının buraya gəlməsini qədim dövrdən başlayaraq izləyək.

Azərbaycanda skif qəbirləri var və bizim arxeoloqlar onun çoxlu nümünələrini Mingəçevirdə, Şəmkirdə, Tovuzda, Şəkidə, Ağcəbədidə, Abşeronda və s. tapıblar. Yalnız ona baxmayaraq skif problemi arxeoloji baxımdan Azərbaycanda lazımı qədər öyrənilməyib. Zaur Həsənovun Qazaxıstan Altayında qazıntılarda iştirak etməyinin əsas məqsədi skif tipli kurqanların və qəbirlərin amillərinin öyrənilməsi və gələcəkdə bu tipli dəfn yerlərini Azərbaycanda aşkar edib onların arxeoloji qazıntılarına Qazaxıstan və Avropa alimləri ilə birlikdə başlamaqdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015