AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-da 15 sentyabr ‒ Bilik Gününə həsr olunan toplantı keçirilib
Sen 14, 2017 | 01:56 / Konfranslar, iclaslar
Oxunub 72 dəfə

Sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Bilik Gününə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif ƏlizadəAkademiyada magistratura təhsilinin təşkilinin elm və təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biri olduğunu qeyd edib. Elm və təhsilin inteqrasiyasının ölkəmizin inkişafında mühüm rol oynadığını diqqətə çatdıran AMEA rəhbəri biliklər cəmiyyətində ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının ölkədə təhsil və elmi tədqiqatların səviyyəsinin artırılmasına xidmət etdiyini vurğulayıb. AMEA-da magistratura təhsilinin əsasının qoyulması ilə bağlı kompleks tədbirlərdən danışan akademiyanın prezidenti bu sahədə görülən işlərin ölkədaxili və beynəlxalq əməkdaşlıq səviyyəsində həyata keçirildiyini deyib. İki il öncə fəaliyyətə başlayan magistratura pilləsinin AMEA-nın elmi müəssisələrində təhsil alan gənclərin gələcək fəaliyyətlərinə müsbət təsir göstərdiyini, dünya elminə inteqrasiya imkanı qazanaraq elmi potensiallarını gücləndirməyə şərait yaradıldığını bildirib.

Sonra AMEA-nın magistraturasına qəbulun nəticələri barədə Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. 2017/2018-ci tədris ili üçün 17 instituta 12 ixtisas, 39 ixtisaslaşma üzrə 67 magistrantın daxil olduğunu deyən AMEA-nın müxbir üzvü Ə.Sadıqov bu il AMEA-nın magistraturasına qəbul olunmaq üçün müsahibədə ümumilikdə 1742 bakalavrın iştirak etdiyini vurğulayıb. Gənclərin Akademiyaya, elmə marağının artdığını qeyd edən idarə rəisi keçirilən müsahibə zamanı bir plan yerinə ən çox sənəd verilən institutun İdarəetmə Sistemləri İnstitutu və qəbul zamanı ən yüksək nəticə göstərən magistrantın isə İnformasiya Texnologiyaları İnstitutundan olduğunu deyib.

Daha sonra akademik Akif Əlizadə tərəfindən AMEA-nın magistrantlarına tələbə biletləri, qiymət kitabçaları eyni zamanda internetdən və elektron dərs vəsaitlərindən sərbəst istifadə üçün planşet təqdim edilib.

Tədbirdə Dilçilik İnstitutunun məzunu Aynur İmanova, Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantı Yetər Fərhadova, İnformasiya Texnologiyaları İnstitutunun I kurs magistrantı Qalib Sarayev, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun I  kurs magistrantı Reyhan Məmmədova da çıxış ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015