AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
İrəvan xanlığının tarixindən bəhs edən əsərlərin təqdimatı keçirilib
Sen 13, 2017 | 01:51 / Konfranslar, iclaslar
Oxunub 34 dəfə

Sentyabrın 13-də AMEA-nın Tarix İnstitutunda bu qurumun və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” adlı əsərlərin təqdimat mərasimi keçirilib.

Fundamental əsərlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində ATİB tərəfindən çap olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

“İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları” və “İrəvan xanlığının mahalları” adlı kitabların müəllifi tarixçi-alim Güntəkin Nəcəfli, “İrəvan xanlığının əhalisi” adlı əsərin müəllifi isə tarixçi-alim İradə Məmmədovadır.

Təqdimat mərasimində akademik Y.Mahmudov çıxış edərək bildirib ki, yeni nəşrlər ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesajdır. Müasir Ermənistan Respublikasının yerləşdiyi ərazinin Azərbaycanın tarixi torpaqları olduğunu deyən alim “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələrin İrəvan xanlığının ərazisində cərəyan etdiyini diqqətə çatdırıb: "Çar Rusiyası erməniləri İran və Osmanlı İmperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlanıb. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb. Ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyil".

Təqdim olunan əsərlərin Prezident İlham Əliyevin təşəbbüsü ilə yazıldığını deyən Y.Mahmudov qeyd edib ki, hazırda nəşrlərin erməni, fars, ərəb dillərinə tərcümə olunması istiqamətində işlər davam etdirilir. 

Məlumat verilib ki, “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”adlı kitabça Azərbaycanın qədim şəhərlərindən İrəvanın şanlı tarixinə həsr olunub. Əsərdə İrəvan toponimi, şəhərin tarixi, səyyahların təsviri haqqında mühüm məlumatlar və illüstrasiyalar öz əksini tapıb. Nəşrdə qeyd edilir ki, XVI əsrdə Osmanlı yürüşləri zamanı sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini “Azərbaycan mülkünün gözü” adlandırıb.

“Erməni vandallarının yox etdiyi İrəvan qalaları”adlı kitabça isə İrəvan bölgəsində mövcud olan və erməni vandalları tərəfindən amansızcasına məhv edilən Azərbaycan qalalarının tarixinə, o cümlədən məşhur İrəvan və Sərdarabad qalalarının XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı yadelli işğalçılara qarşı apardığı şanlı mübarizə tarixinə həsr olunub.

“İrəvan xanlığının mahalları”adlı kitabçada Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz parçası olan İrəvan bölgəsinin, o cümlədən Çuxursəd bəyləribəyliyinin və İrəvan xanlığının inzibati bölgüsü,  “İrəvan xanlığının əhalisi”adlı kitabçada isə İrəvan əhalisinin etnik və dini mənsubiyyəti, məşğuliyyəti, xanların əhali siyasəti təqdim edilib.

Y.Mahmudov bu günlərdə İranda nəşr olunan "Artsax" adlı kitabda tarixi Azərbaycan torpaqlarının Ermənistan ərazisi kimi qeyd edildiyini və yaxın günlərdə Tarix İnsitutunun bununla bağlı addım atacağını diqqətə çatdırıb.

Təqdimat mərasimində çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi BəhrəmovAzərbaycanın yeni tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və digərləri İrəvanın qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015