AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-da görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd olunub
Dek 13, 2016 | 03:29 / Yubileylər
Oxunub 912 dəfə

Dekabrın 13-də AMEA-nın Əsas binasında görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq görkəmli alimin yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 8 dekabr tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib.  AMEA rəhbəri bildirib ki, Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi Aqil Əliyevin əsas elmi fəaliyyəti kənd təsərrüfatının maddi-texniki bazasının inkişafına, kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, səhiyyənin iqtisadi problemlərinin həllinə yönəlib. Onun tədqiqat­la­rında səhiy­yə ­ilə iqtisadi inkişaf arasında qar­şılıqlı əlaqə mə­sələləri xüsusi yer tutub. "Aqil Əliyev səhiyyə xidmətləri­nin plan­laş­dı­rıl­ma­sı, ayrılan xərclərin di­namik ar­tı­mı­nın təmin edilməsi, demoqrafik in­­ki­şaf göstəricilərinin yaxşılaşdırılması is­ti­qa­­mətində araşdırmalar aparıb" - deyən A.Əlizadə alimin so­­sial sahələrin, həmçinin səhiyyənin qalıq prin­sipi əsa­sın­da maliyyələşdirilmə­sindən im­ti­na edil­məsini konkret faktlarla əsas­lan­dır­dığını, onun Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olduğunu qeyd edib.

Bildirilib ki, AMEA-nın müxbir üzvü Aqil Əliyevin məhsuldar elmi tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Alim uzun müddət Azərbaycan Tibb Universitetində siyasi iqtisadiyyatdan mühazirələr oxuyub, kafedra müdiri vəzifəsində çalışıb.

AMEA-nın prezidenti görkəmli alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyib, onun 1982-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görüldüyünü, "Şöhrət" ordeni, "Səhiyyə əlaçısı" döş ni­şanı və bir sıra digər dövlət mükafatları ilə təltif olunduğunu xatırladıb. 

Tədbirdə “Cəmiyyətşünaslığın iqtisadi əsaslarının sosial konsepsiyası” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkəmizdə ictimai və humanitar elmlərin əsas istiqamətini təşkil edən cəmiyyətin inkişafı məsələləri elmdə müxtəlif aspektlərdə araşdırılır. Aqil Əliyevin cəmiyyətin inkişafında sosial sahənin roluna və əhəmiyyətinə həsr edilən qiymətli elmi əsərləri ilə iqtisad elmindəki boşluqlar aradan qaldırılıb. Aqil Əliyev bu həssas istiqamətdə baş verən prosesləri təqdim etmək üçün sosial siyasətdən daha çox sosial həyatın reallıqlarını öyrənib ümumiləşdirməyə üstünlük verib. Görkəmli alim insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb, beləliklə elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyənləşdirilib. Bu mənada Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiqinə və əsaslandırılmasına xidmət edir.

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək Aqil Əliyev haqqında xatirələrini bölüşüb. Görkəmli alimin həyat və elmi fəaliyyətindən danışan akademik onun insani keyfiyyətlərindən də bəhs edib.

Tədbirdə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru Nazim İmanov bildirib ki, Aqil Əliyev ötən əsrin son rübündə həyat səviyyəsinin problemləri üzrə Azərbaycanın ən tanınmış iqtisadçılarından biri olub. N.İmanov vurğulayıb ki, Aqil Əliyev böyük iqtisadçı alim, mahir pedaqoq, yaxşı təşkilatçı olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan idi.

Sonra Nazim İmanov "İqtisadi inkişaf və ictimai rifah" adlı təqdimatla çıxış edib.

Daha sonra "Əhalinin həyat  səviyyəsi və  keyfiyyət problemlərinin tədqiqi sa­hə­­­sin­də görkəmli iqtisadçı alim" adlı məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü Şah­­baz Muradov Aqil Əliyevin keçmiş SSRİ məkanında ilk dəfə olaraq əhalinin təkrar istehsalı, həyat səviyyəsi və keyfiyyətinin yaxşılaşdırılmasının maddi əsasını təşkil edən şəxsi istehlak problemlərini sistemli və kompleks şəkildə tədqiq etdiyini bildirib. Ş.Muradov professor Aqil Əliyevin 1983-cü ildə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda fəaliyyət göstərmiş Dissertasiya Şurasında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiya işinin məhz şəxsi istehlakın problemlərinin tədqiqinə həsr edildiyini vurğulayıb.

A.Əliyevin əsərlərinin böyük qisminin xarici ölkələrdə çap edildiyini deyən Şahbaz Muradov bildirib ki, əcnəbi iqtisadçı alimlər və sosioloqların əsərlərində onun kitablarına çoxlu istinadlar edilib. Vurğulayıb ki, alimin əsərləri arasında müasir dövr və bazar iqtisadiyyatına keçidlə bağlı tədqiqatlar xüsusi yer tutur. Aqil Əliyevin kadr hazırlığı sahəsində böyük xidmətlərinin olduğunu deyən alim onun bilavasitə rəhbərliyi və köməkliyi ilə iqtisad elmi sahəsində xeyli sayda fəlsəfə və elmlər doktoru hazırlandığını əlavə edib.

Tədbirdə fəlsəfə üzrə elmlər doktoru, professor Qoşqar Əliyev "Aqil Əliyevin  elmi-pedaqoji və ictimai fəaliyyəti" adlı məruzə ilə çıxış edib. Aqil  Əliyevin həyat və elmi fəaliyyətindən danışan məruzəçi onun elmi-pedaqoji irsini, elmi ideyalarını  bilavasitə təcrübəyə tətbiq edən alim kimi özünəməxsus yer tutduğunu diqqətə çatdırıb. Qoşqar Əliyev bildirib ki, görkəmli alim zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürün məntiqiliyi, xeyirxahlığı, mübarizliyi, tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth edib.

Daha sonra iqtisad üzrə elmlər doktoru, professor Rəna Sultanova "Görkəmli alimin şərəfli ömür  yolu və müasirlik" adlı məruzəylə çıxış edib. Aqil Əliyevin apardığı tədqiqat işlərinin çoxsahəli olduğunu deyən alim onun elmi yaradıcılığında  əsas yerin iqtisadi nəzəriyyənin bir sıra aktual problemləri, o cümlədən sosial-iqtisadi məsələlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq və təchizat problemləri, səhiyyənin iqtisadiyyatının tutduğunu söyləyib.

Professor Aqil Əliyevlə birgə "Səhiyyənin iqtisadiyyatı" dərsliyini hazırladıqlarını xatırladan R.Sultanova qeyd edib ki, nəşrdə səhiyyə problemləri araşdırılıb, bu sahənin inkişafının ictimai istehsalla uzlaşdırılması və səmərəliliyinin artırılması, qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsi, tibbi sığorta modelinin tətbiqi və dövlət büdcəsinin sosial  yönümlü olması fikirləri irəli sürülüb.

Tədbir digər qonaqların Aqil Əliyevin həyat və elmi fəaliyyəti haqqında çıxışları ilə davam edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015