AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan böyük uğurlara imza atıb
Okt 24, 2016 | 12:08 / Konfranslar, iclaslar
Oxunub 2501 dəfə

Oktyabrın 24-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan “Arxeologiya və etnoqrafiya elmləri müstəqillik illərində” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e, AMEA-nın müxbir üzvü Nərgiz Axundova Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixindən danışıb. O, xalqımızın şanlı mübarizəsi ilə XX əsrdə ikinci dəfə əldə edilən müstəqilliyimizin Azərbaycan elminin inkişafı üçün də yeni üfüqlər açdığını söyləyib.   

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə arxeologiya və etnoqrafiya sahələrində əldə olunan nailiyyətlərdən danışıb.

Daha sonra doktor Güllü Yoloğlu “Müstəqillik illərində mənəvi mədəniyyətimizin dirçəlişi: “Heydər Əliyev və Kitabi – Dədə Qorqud” mövzusunda məruzəsini təqdim edib.

Sessiyada “Azərbaycan etnoqrafiya elminin inkişafı”, “Qarabağın qədim tarixinin son tarixi arxeoloji tədqiqatları”, “Paleolit problemləri üzrə aparılmış son tədqiqatlar və onların nəticələri”,  “Azərbaycanın erkən əkinçilik mədəniyyətlərinin arxeoloji tədqiqi”, “Azərbaycanın ilk tunc dövrü abidələrinin arxeoloji tədqiqi”, “Azərbaycanda etnososioloji tədqiqatlar” və “Azərbaycan orta əsr şəhərlərinin arxeoloji tədqiqi” mövzularında məruzələr dinlənilib. 

Məruzələrdə bildirilib ki, ümummilli liderin hakimiyyətə qayıdışı elm sahəsinin müstəqil inkişafına da müsbət təsirini göstərib, müstəqilliyimizə yeni nəfəs verib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyaya inteqrasiya edən sivil və intellektual baxımdan zəngin dövlətlərdən biridir.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015