AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
“Azərbaycan multikulturalizmi və mədəniyyətlərin dialoqu” mövzusunda konfrans keçirildi
Okt 25, 2016 | 12:03 / Konfranslar, iclaslar
Oxunub 3791 dəfə

Oktyabrın 25-də AMEA-nın Fəlsəfə İnstitutunda bu elmi müəssisənin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan “Azərbaycan multikulturalizmi və mədəniyyətlərin dialoqu” mövzusunda elmi konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətləri, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu söylədi. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən bəhs edən İ.Məmmədzadə bildirdi ki, dövlətimizin başçısının təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

Sonra institut direktoru “Azərbaycan müstəqilliyinin fəlsəfəsi və multikulturalizm”mövzusunda məruzəsini təqdim etdi. Natiq ölkəmizdə çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif dinlər və irqlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü qeyd etdi. Multikulturalizmin dövlət siyasətinə çevrilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan İ.Məmmədzadə bildirdi ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Fəlsəfəsiz multikulturalizm yalnız tarixi, sosioloji baxışdır” - söyləyən İ.Məmmədzadə multikuturalizm fəlsəfəsinin ümumi fəlsəfi baxış tələb etdiyini bildirdi. O, siyasət, iqtisadiyyat və müxtəlif sahələrdə multikulturalizmin fəlsəfi-hüquqi aspektlərinin tətbiqinin vacibliyini vurğuladı.

İ.Məmmədzadə multikulturalizmin təhlil və tədqiqi ilə bağlı institutda görülən işlər barədə də məlumat verdi, rəhbərlik etdiyi müəssisənin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə həyata keçirdiyi layihələri diqqətə çatdırdı.

Sonra Bakıdakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami ElaydiAzərbaycan multikulturalizm modelinin dünyaya nümunə olduğunu vurğulayaraq, konfransda irəli sürülən fikirlərin ölkələr arasında multikultural dəyərləri zənginləşdirəcəyini bildirdi.

Tədbirdə “XXI əsrdə multikulturalizmin tədqiq və təbliğinin bəzi problemləri”, “Multikulturalizm mədəniyyətlərin dördbölümlü tipologiyası kontekstində və onun estetik aspektləri”, “Qloballaşan dünyada multikulturalizm modelinin sosioloji məsələləri”, “Multikuturalizmin insan hüquq və azadlıqları sistemində yeri”, “Müstəqillik və müasirlik: dialoq fəlsəfəsindən baxış”, “Müxtəlif ölkələrdə multikulturalizmə yanaşmalar” mövzularında məruzələr dinlənildi. Məruzələrdə multukulturalizm və  mədəniyyətlərin dialoqunda fəlsəfənin rolu qeyd olundu.

Mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015