AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Naxçıvan tarixi” kitabı Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunub
Fev 23, 2016 | 03:45 / Yeni nəşrlər
Oxunub 2523 dəfə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 avqust 2012-ci il tarixli sərəncamı ilə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetində çalışan müəlliflər kollektivi 3 cilddən ibarət “Naxçıvan tarixi” kitabını hazırlamışlar. Nəşr Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu diyarın qədim tarixini, ayrı-ayrı mərhələlərdəki inkişaf səviyyəsini, ölkəmizə və dünyaya bəxş etdiyi görkəmli siyasi və ədəbi şəxsiyyətləri, müstəqillik uğrunda mübarizəsini və müasir inkişafını əks etdirən samballı monoqrafik tədqiqatdır. Kitabda, həmçinin Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi dövlət müstəqilliyinin təmin edilməsi, möhkəmləndirilməsi yollarındakı xidmətləri geniş şəkildə öz əksini tapmışdır. Azərbaycançılıq, vətənpərvərlik, milli dövlətçilik düşüncəsinin daha da dərinləşdirilməsi baxımından da ”Naxçıvan tarixi” çoxcildliyi mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyətinin iclasında “Naxçıvan tarixi” 3 cildlik kitabının müəlliflər kollektivinin 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunması ilə əlaqədar qərar qəbul edilib. AMEA Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinə tapşırılıb ki, nəşrin AR Dövlət mükafatına təqdim edilməsi üçün zəruri sənədləşdirmə məsələlərini həll etsin.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015