AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı olub
Fev 19, 2016 | 03:41 / Yeni nəşrlər
Oxunub 3329 dəfə

Fevralın 19-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun və Hərbi Prokurorluğun birgə layihəsi əsasında hazırlanmış və nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mayıl Əhmədov təqdim olunan kitabın əhəmiyyətindən danışıb, yeni nəşrin önəmli tarixi mənbəyə çevriləcəyini vurğulayıb.

Sonra çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qəsbkar ermənilərin zaman-zaman işğalçılıq siyasəti apardıqlarını, qanlı cinayətlər törətdiklərini bildirib. Ermənilərin Azərbaycan xalqına qarşı 1918-ci ildə törətdikləri soyqırımı barədə danışan alim məkrli düşmənin işğalçılıq siyasətini davam etdirdiyini söyləyib.

Y.Mahmudov təqdim olunan kitabı Şərqi Anadolu, Cənubi Azərbaycan, İrəvan quberniyası və Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində və sonrakı dövrlərdə erməni silahlı dəstələrinin törətdikləri soyqırımları və deportasiyalardan, habelə Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən və soyqırımı cinayətlərindən bəhs edən ümumiləşdirilmiş əsər kimi səciyyələndirib. Qeyd edib ki, əsərin ərsəyə gəlməsində arxiv materialları ilə yanaşı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yaradılmış Memorial Soyqırımı Muzeyində saxlanılan foto-sənədlərdən də istifadə edilib.

Kitabın dünyanın müxtəlif dillərinə tərcümə olunaraq dünya ictimaiyyətinə yayılmasının vacibliyi vurğulanıb.

Tədbirdə Azərbaycan Respublikasının hərbi prokuroru, Əməkdar hüquqşünas, general-leytenant Xanlar Vəliyev nəşrlə bağlı fikirlərini bölüşüb. O, aktuallıq kəsb edən yeni kitabın elmi əhəmiyyətini yüksək qiymətləndirib, bu istiqamətdə araşdırmaların Azərbaycan tarixinin öyrənilməsində önəmli olduğunu söyləyib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015