AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik İsmayıl Hacıyevin 65 yaşı tamam olur
Yan 21, 2016 | 12:15 / Yubileylər
Oxunub 1951 dəfə

Yanvarın 21-də görkəmli tarixçi-alim, AMEA Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Muxtar oğlu Hacıyevin 65 yaşı tamam olur.

İsmayıl Hacıyev 1951-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu­nun (indiki ADPU) Tarix fakültəsini fərqlən­mə diplomu ilə bitirmişdir.

1992-ci ildə tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildə tarix üzrə elmlər doktoru elmi dərəcələrini, 2004-cü ildə professor elmi adını almışdır. 2003-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

İsmayıl Hacıyev əmək fəaliyyətinə 1974-cü ildə Naxçıvan MR Culfa rayonunu Xoşkeşin kənd məktəbində müəllim kimi başlamış, 1978-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) müəllim, dekan müavini, elmi işlər üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin sədri və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 

Alimin elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olub, Vətən tarixinin müxtəlif maraqlı və mürəkkəb sahələrini əhatə edir.

Onun elmi fəaliyyətində ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri və rolu, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqəsi, Araz-Türk Respublikasının tarixi, 1941-1945-ci illər müharibəsində Azərbaycanın ictimai-siyasi və mədəni həyati, Naxçıvan bölgəsinin ərazi taleyi, sosial-iqtisadi tarixi, mədəni inkişafı, görkəmli yetirmələri, ermənilərin Azərbaycan qarşı ərazi iddiaları və qanlı cinayətləri, törətdikləri soyqırımları, Azərbaycanın itirilmiş tarixi torpaqları kimi məsələlər mühüm yer tutur.

İ.Hacıyev 32 kitab və monoqrafiyanın, 350-yə yaxın elmi məqalənin müəllifidir. Onun rəhbərliyi və müəllifliyi ilə ümumiləşdirici və fundamental əsərlər, ensiklopediyalar, atlaslar işıq üzü görmüşdür: Naxçıvan ensiklopediyası (2 cilddə), Naxçı­van abidələri ensiklopediyası (Azər­baycan və ingilis dillərində), Naxçıvan tarixi atlası, Naxçıvan tarixi (3 cilddə).

Akademikin rəhbərliyi altında 24 fəlsəfə və elmlər doktoru müdafiə etmişdir.

Ölkə Prezidentinin Sərəncamları ilə Milli Ensiklopediya və Dövlət Mükafatları komis­­siyasının üzvüdür. AMEA Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən Doktorluq Dissertasiyası Şurasının sədri, Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının baş redaktorudur.

2000-ci ildə Naxçıvan MR Ali Məclisinin, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Tarixçi alim elmi-pedaqoji sahədə xidmətlərinə görə bir sıra dövlət mükafatlarına, müxtəlif elmi və fəxri adlara, o cümlədən Əməkdar elm xadimi fəxri adına, Y.Məmmədəliyev mükafatına, Naxçıvan MR Ali Məclisinin Xatirə medalına, Fəxri Fərmanına, AMEA-nın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanlarına layiq görülmüşdür.

Görkəmli elm mücahidini 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan tarix elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015