AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib
Okt 12, 2016 | 01:00 / Konfranslar, iclaslar
Oxunub 2842 dəfə

Oktyabrın 12-də AMEA-nın Əsas binasında A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə görkəmli səfəvişünas alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüYaqub Mahmudov açaraq uzun illər bu elm müəssisəsində Azərbaycanın orta əsrlər tarixi şöbəsinə rəhbərlik etmiş Oqtay Əfəndiyevin dünyanın bir çox ölkələrində tarix elmimizi layiqincə təmsil etdiyini söyləyib. Bildirib ki, O.Əfəndiyev pantürkizm vahiməsindən qorxmayaraq ilk dəfə Azərbaycanda Səfəvi tarixinə ayrıca bir monoqrafiya həsr edib. Səfəvilər dövlətinin Azərbaycan dövləti olması ilk dəfə onun tərəfindən tutarlı faktlarla sübut olunub. 

Y.Mahmudov qeyd edib ki, uzun illər Azərbaycanın dövlətçilik ənənələrini tədqiq etmiş Oqtay Əfəndiyev milli tariximizin mühüm əhəmiyyətə malik orta əsrlər dövrünün əsl tədqiqatçılarından biri kimi tanınıb. Səfəvilər dövlətinin sosial-iqtisadi, siyasi və mədəni tarixinə dair araşdırmaları alimə geniş şöhrət qazandırıb. Onun tədqiqatları elmi ictimaiyyət tərəfindən həmişə rəğbətlə qarşılanıb. Səmərəli elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu şəkildə əlaqələndirən O.Əfəndiyev gənc kadrların yetişməsində, püxtələşməsində mühüm rol oynayıb.

Sonra İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvüNərgiz Axundova bildirib ki, beynəlxalq ictimaiyyət tarixi keçmişimizlə bağlı bir çox həqiqətləri O.Əfəndiyevin dilindən eşidib, onun bu istiqamətdəki yazılarından oxuyub. Bildirilib ki, O.Əfəndiyevin bir sıra tədqiqatları müxtəlif dillərə tərcümə olunub və həmin əsərlərə dünyanın tanınmış alimləri bu gün də istinad etməkdədirlər. 

Tədbirdə Tarix İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fərzəliyevin "Görkəmli şərqşünas alim Oqtay Əfəndiyev", institutun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent Tofiq Nəcəflinin"Azərbaycan Səfəvi dövlətinin əzmkar tədqiqatçısı Oqtay Əfəndiyev" və institutun aparıcı elmi işçisi, t.ü.f.d. Xeyirbəy Qasımovun  "Azərbaycan Səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi" mövzusunda məruzələri dinlənilib.

Bildirilib ki, alimin qoyub getdiyi zəngin elmi irs daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir. Onun tədqiqatları, dəyərli fikirləri tarixçilərimiz, şərqşünaslarımız üçün həmişə qiymətli mənbə olaraq qalacaqdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015