AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Foto
İctimai Elmlər Bölməsinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
İyn 23, 2016 | 10:30 / Konfranslar, iclaslar
Oxunub 2454 dəfə

İyunun 23-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələləri diqqətə çatdırdı. Bildirdi ki, gündəlikdə yer alan ilk məsələ İEB-in nəzdində Xalçaşünaslıq sektorunun yaradılmasıdır.

N.Axundova qeyd etdi ki, Azərbaycanın qədim tarixə və zəngin ənənələrə malik olan xalçaçılıq sənətinin hərtərəfli şəkildə praktik və nəzəri materiallar əsasında araşdırılması, Azərbaycan boyaqçılıq tarixini və adətlərini, bu ənənələrin müasir tətbiq perspektivlərini, eləcə də Azərbaycan xalçaçılığının digər türk xalqlarının xalçaçılıq ənənələri ilə müqayisəli şəkildə öyrənilməsi vacib məsələlərdəndir. Bu kimi məsələlərin araşdırılmasını nəzərə alaraq bölmənin nəzdində Xalçaşünaslıq sektorunun yaradılması zərurəti ortaya çıxıb. Tarix üzrə fəlsəfə doktoru Vidadi Muradovun rəhbərlik etdiyi “Azər-İlmə” MMC elmi tədqiqat laboratoriyası kimi İEB-in Xalçaşünaslıq sektoru üçün əsas baza hesab edilib.

Daha sonra N.Axundova AMEA-nın “Məruzələr” jurnalının Humanitar elmlər və İctimai elmlər seriyalarının rus və ingilis dillərində təsis edil­məsi haqqında məlumat verdi. Azərbaycanda humanitar və ictimai elmlərin mühüm nəticələrinə həsr olunan məqalələrin ölkə miqyasında, xüsusən xaricdə tanıdılması, yayılması, bu sahənin elm adamlarının əsərlərinə istinadların edilməsi istiqamətində müəyyən çətinliklərin mövcud olduğunu söyləyən alim bildirdi ki, bu boşluğu və zərurəti nəzərə almaqla AMEA-nın “Məruzələr” jurnalının ingilis və rus dillərində çıxan Humanitar və İctimai Elmlər seriyasının təsis edilməsinə ehtiyac vardır. Onun sözlərinə görə, belə bir nəşrin yaradılması ilə bu sahədə çalışan Azərbaycan alimlərinin əsərlərinin beynəlxalq miqyasda yayılması və onların əsərlərinə ölkəmizdə və xaricdə elmi istinadların artması təmin olunacaqdır.

İclasda, həmçinin AMEA-nın bir sıra elmi müəssisələrinin əməkdaşlarının Elm Tarixi və Qafqazşünaslıq institutlarına keçirilməsi, akademik Aslan Aslanovun anadan olmasının 90, AMEA-nın müxbir üzvü Vəli Əliyevin 80 illik yubileylərinin qeyd olunması, Şərqşünaslıq İnstitutunun strukturunda dəyişiklik edilməsi məsələlərinə də baxıldı.

Sonda bir sıra kadr məsələləri müzakirə olundu.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015