AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutu ilə İraqın elm və təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
May 19, 2021 | 10:12
Oxunub ( 51 )

 

İraq Respublikasının Azərbaycandakı Səfirliyinin birinci katibi Huthayfa Z.Mahmud AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda müəssisənin direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu münasibətlərin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Akademik institutda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu vurğulayıb.

Huthayfa Z.Mahmud Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirib.

Görüşdə Şərqşünaslıq İnstitutu ilə İraqın elm və təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşılıqlı elmi ezamiyyətlər, konfranslarda iştirak və digər sahələrdə əməkdaşlıq imkanları barədə söhbət aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015